Trampın oğlu rusiyalı iş adamının toyuna xərclədiyi pulları geri qaytarıb

Donald Tramp oğlunun toy şənliyinə rusiyalı iş adamı Umar Kremlyov tərəfindən xərclənən vəsaitin geri qaytarıldığını bildirib. Məsələ ABŞ Konqresində araşdırmaya səbəb olub.

27

ABŞ Prezidenti Donald Tramp oğlu kiçik Donald Trampın Baham adalarındakı toy şənliyinə rusiyalı iş adamı Umar Kremlyov tərəfindən xərclənən vəsaiti geri qaytardığını bildirib. Prezidentin sözlərinə görə, oğlu məsələ ictimailəşdikdən sonra xərcləri kompensasiya etmək qərarına gəlib.

MSNews.az xəbər verir ki, bu barədə “Reuters”  agentliyi məlumat yayıb. Tramp sentyabrın 18-də jurnalistlərə açıqlamasında oğlunun rusiyalı iş adamına borcunu qaytaracağını ona şəxsən bildirdiyini deyib.

ABŞ Prezidenti Kremlyovun toy xərclərini ödəməsində əvvəlcə problem görmədiyini, dostların bir-birinin toy mərasimlərinin xərclərini qarşılamasının adi hal olduğunu bildirib. O, eyni zamanda rusiyalı iş adamını şəxsən tanımadığını və oğlunun toyunda iştirak etmədiyini vurğulayıb.

“The Washington Post”  nəşrinin məlumatına görə, kiçik Trampa yaxın mənbə də vəsaitin geri qaytarıldığını təsdiqləyib. Bununla belə, ödənişin dəqiq məbləği və həyata keçirilmə tarixi açıqlanmayıb.

Məsələ sentyabrın 14-də “ProPublica”  nəşrinin dərc etdiyi jurnalist araşdırmasından sonra gündəmə gəlib.

Araşdırmaya əsasən, Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlyov may ayında Baham adalarında keçirilən toy şənliklərinə yüz minlərlə dollar xərcləyib. O, tədbirlərin təşkil olunduğu şəxsi adalardan birinin icarəsini və atəşfəşanlıq xərclərini qarşılayıb, həmçinin mərasimlərdə şəxsən iştirak edib.

Kiçik Donald Tramp və həyat yoldaşı Bettina Kremlyovun toy mərasimindən sonra keçirilən iki günlük şənliyi maliyyələşdirdiyini təsdiqləyiblər. Onlar rusiyalı iş adamını yaxın dostları adlandıraraq göstərdiyi dəstəyi səxavətli toy hədiyyəsi kimi qiymətləndiriblər. Cütlük bu münasibətlərin siyasi məqsəd daşımadığını bildirib.

Araşdırmada Kremlyovun Rusiya Prezidenti Vladimir Putinlə əlaqələrinə də diqqət çəkilib. Bildirilib ki, toy şənliklərinə ayrılan vəsait Dubayda yerləşən və Beynəlxalq Boks Assosiasiyası ilə əlaqəli şirkət vasitəsilə ödənilib. Kremlyovun nümayəndələri isə IBA-nın özünün toy xərclərini qarşılamadığını açıqlayıblar.

Məlumatların ictimailəşməsindən sonra ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsində Demokratlar Partiyasının aparıcı nümayəndəsi Robert Qarsiya kiçik Trampla Kremlyov arasındakı münasibətlərlə bağlı araşdırmaya başlayıb.

Konqresmen sözügedən maliyyə əlaqələrinin araşdırılması üçün kiçik Trampdan müvafiq maliyyə sənədlərini və digər məlumatları təqdim etməsini tələb edib.