Çin ABŞ Konqresinin Rusiyaya qarşı geniş sanksiyalar və Rusiya enerji resurslarını alan ölkələrə əlavə tariflər nəzərdə tutan qanun layihəsini qəbul etməsinə etiraz edib. Pekin digər dövlətlərlə ticarət əlaqələrinin üçüncü tərəflərin təzyiqinə məruz qalmamalı olduğunu bildirib.
MSNews.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Tsyakun (Guo Jiakun) sentyabrın 17-də keçirdiyi brifinqdə ABŞ Konqresinin qərarını şərh edib. O bildirib ki, Çin digər ölkələrlə iqtisadi və ticarət əməkdaşlığını “bərabərlik və qarşılıqlı fayda” prinsipləri əsasında həyata keçirir.
“Bu əməkdaşlıq heç bir üçüncü tərəfə qarşı yönəlməyib və hər hansı üçüncü tərəfin müdaxiləsi və ya məcburiyyətinə məruz qalmamalıdır”, – Çin XİN sözçüsü deyib.
Qo Tsyakun Pekinin BMT Təhlükəsizlik Şurasının mandatına əsaslanmayan birtərəfli sanksiyalara və ABŞ qanunlarının digər ölkələrə tətbiqini nəzərdə tutan “ekstraterritorial yurisdiksiyaya” qarşı olduğunu da vurğulayıb.
ABŞ Nümayəndələr Palatası sentyabrın 16-da “Lindsey O. Graham Sanctioning Russia and Iran Act of 2026” qanun layihəsini 262 səslə qəbul edib. Senatın daha əvvəl təsdiqlədiyi sənəd hazırda Prezident Donald Trampın imzasını gözləyir.
Qanun layihəsi Rusiyanın enerji, müdafiə və maliyyə sektorlarına, eləcə də sanksiyalardan yayınmada istifadə olunduğu bildirilən “kölgə donanmasına” qarşı əlavə tədbirlər nəzərdə tutur. Sənəd həmçinin Trampa Rusiya nefti və qazının iri alıcılarına 100%-dək tarif tətbiq etmək səlahiyyəti verir. Çin və Hindistan bu mexanizmdən ən çox təsirlənə biləcək ölkələr sırasında göstərilir.
Çin hazırda Rusiya neftinin əsas alıcılarından biridir. Buna görə sənəd imzalanaraq qüvvəyə minər və tarif səlahiyyətindən istifadə edilərsə, ABŞ-Çin ticarət münasibətlərinə də təsir göstərə bilər. Lakin tariflərin hansı ölkələrə və hansı həcmdə tətbiq ediləcəyi prezidentin sonrakı qərarlarından asılı olacaq.