ABŞ Prezidenti Donald Tramp Polşada daimi Amerika Ordusu bazasının yaradılması istiqamətində “əhəmiyyətli irəliləyiş” əldə olunduğunu açıqlayıb. Tramp bildirib ki, layihə reallaşarsa, bazanın yerləşəcəyi ərazi yaxın zamanda elan ediləcək.
MSNews.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib. O, danışıqlardakı irəliləyişi Polşa Prezidenti Karol Navrotskinin fəaliyyəti ilə əlaqələndirib.
“Əgər bu baş tutarsa, yerləşəcəyi yer çox tezliklə açıqlanacaq. Bu, böyük ABŞ–Polşa ittifaqımız üçün tarixi addım olacaq”, – Tramp yazıb.
“Reuters” qeyd edir ki, Polşa 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra NATO-nun şərq cinahında ABŞ hərbi mövcudluğunun gücləndirilməsinə çalışır.
Polşa hökuməti iyunda ölkədə daimi ABŞ hərbi bazasının yaradılması istiqamətində hazırlıq tədbirlərinə başlanmasını rəsmən təsdiqləyib. Bunun ardınca ABŞ tərəfi Varşavanın təklifinə müsbət yanaşdığını bildirib.
Sentyabrın 10-da isə ABŞ və Polşa nümayəndə heyətləri bazanın mümkün yerləşməsi, infrastrukturu və Amerika hərbi mövcudluğunun genişləndirilməsi ilə bağlı növbəti danışıqları keçiriblər. Tərəflər əlavə görüşlərin və işçi qruplarının yaradılması barədə razılığa gəliblər.