Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib. Görüş zamanı dövlət başçısına 2026-cı il üzrə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatı təqdim olunub.
MSNews.az xəbər verir ki, görüş zamanı tərəflərin əvvəlki təmaslarının məmnunluqla xatırlayıb, Azərbaycanla Müsəlman Ağsaqqalları Şurası arasında əməkdaşlığın inkişafından razılıq ifadə edilib.
Söhbət zamanı Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində fəaliyyəti də müzakirə olunub. Bu kontekstdə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşünün və 2027-ci ildə Azərbaycanda təşkil olunacaq İslam Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə Toplantısının əhəmiyyəti vurğulanıb. Ölkədə dini münasibətlərin tənzimlənməsi məsələsinə də toxunulub.
“İslam Əməkdaşlıq Təşkilatı”-nın rəsmi təqviminə əsasən, 16-cı İslam Zirvə Konfransı 23–24 iyun 2027-ci ildə Bakıda keçiriləcək. Azərbaycan həmin il İƏT-ə sədrlik edəcək.
Görüşdə Məhəmməd Əbdülsalam Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatını təqdim edib. Prezidentin rəsmi saytının məlumatına görə, İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması istiqamətində səylərinə görə 2026-cı il üzrə bu mükafata layiq görülüb.
Mükafatın şərtlərinə əsasən, Azərbaycan Prezidentinə 500 min ABŞ dolları pul mükafatı nəzərdə tutulub. Dövlət başçısı həmin vəsaitin tam məbləğinin Qarabağ Dirçəliş Fonduna köçürülməsi barədə qərar qəbul edib.
“Zayed İnsan Qardaşlığı Mükafatı” BƏƏ-nin qurucusu Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsini təşviq etmək məqsədi daşıyır. İlham Əliyevin 2026-cı il laureatı olacağı hələ yanvarda Məhəmməd Əbdülsalam və mükafatın münsiflər heyətinin nümayəndələrinin Bakıya səfəri zamanı elan edilmişdi.



