Vaydel ukraynalı kişilərin geri qaytarılmasını tələb edir?

AfD lideri Alis Vaydelin Aİ-dəki çağırış yaşlı ukraynalı kişilərin ölkələrinə qaytarılmasını və Almaniyadakı ukraynalılara sosial ödənişlərin dayandırılmasını tələb etdiyi barədə məlumat yayılıb.

64

Almaniyanın sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Alis Vaydelin Avropa İttifaqında yaşayan çağırış yaşlı yüz minlərlə ukraynalı kişinin Ukraynaya qaytarılmasını tələb etdiyi barədə məlumat yayılıb. 

MSNews.az-ın araşdırmasına görə, Alis Vaydelin rəsmi açıqlamalarında, AfD-nin son bəyanatlarında və sentyabrın 9-da Bundestaqda etdiyi çıxışda “Aİ ölkələrindəki yüz minlərlə çağırış yaşlı ukraynalı kişi geri qaytarılmalıdır” formasında belə bir sitata rast gəlinmir.

Bununla belə, AfD Ukraynadan olan çağırış yaşlı kişilərin Almaniyadakı statusu məsələsini daha əvvəl rəsmi şəkildə gündəmə gətirib. Partiyanın parlament fraksiyası 2025-ci ilin sonunda federal hökumətə sorğu ünvanlayaraq Ukrayna ordusunda xidmət öhdəliyi olan kişilərin Almaniyadan geri qaytarılması üçün hüquqi imkanların olub-olmadığını soruşub. Federal hökumətin məlumatına görə, 2025-ci ilin oktyabrının sonunda Almaniyada 18-60 yaş aralığında 328363 Ukrayna vətəndaşı kişi yaşayırdı, lakin onların neçəsinin Ukraynada hərbi xidmət öhdəliyi daşıdığı məlum deyil.

Son günlərdə bu mövzuda daha konkret çağırışı isə Vaydel deyil, Almaniyanın xarici işlər naziri Yohann Vadeful səsləndirib. O, “BILD”-ə müsahibəsində Almaniyadakı çağırış yaşlı ukraynalı kişilərin vətənlərinə qayıtmasının tərəfdarı olduğunu və Berlinin Kiyevə həmin şəxslərin müəyyənləşdirilməsində yardım edə biləcəyini bildirib. Bununla belə, Vadeful geri dönüşün məcburiyyət tətbiq edilmədən həyata keçirilməli olduğunu vurğulayıb.

Vaydelin Ukrayna vətəndaşlarına sosial ödənişlərlə bağlı sərt mövqeyi isə təsdiqlənir. AfD lideri daha əvvəl Almaniyada xarici vətəndaşların sosial təminat sistemindən istifadəsini kəskin tənqid edib və partiyasının hakimiyyətə gələcəyi halda sosial ödənişlərin əsasən Almaniya və qanuni yaşayan Aİ vətəndaşları ilə məhdudlaşdırılmasını müdafiə edib. AfD 2024-cü ildə Bundestaqa təqdim etdiyi ayrıca təklifdə ukraynalı müharibə qaçqınlarının “Bürgergeld” sistemindən çıxarılmasını da tələb etmişdi.

Lakin yayılan məlumatdakı “bir milyondan çox ukraynalı sosial müavinət alır” ifadəsi də mövcud rəsmi statistika ilə təsdiqlənmir. Almaniya hökuməti 2026-cı ilin aprelində ölkədə 1,4 milyondan çox Ukrayna vətəndaşının qeydiyyatda olduğunu bildirsə də, onların hamısı sosial yardım alan şəxslər deyil. Məsələn, Federal Əmək Agentliyinin məlumatlarında 2025-ci ilin ortalarında SGB II sosial təminat sistemindən istifadə edən 18-63 yaşlı ukraynalı kişilərin sayı təxminən 147 min göstərilirdi.

Aİ də ukraynalı kişilərlə bağlı müvəqqəti müdafiə qaydalarını sərtləşdirib. Avropa Parlamentinin araşdırma xidmətinin məlumatına görə, Ukrayna qarşısında hərbi öhdəliyini yerinə yetirdiyini və ölkədən qanuni çıxmaq hüququna malik olduğunu sübut edə bilməyən çağırış yaşlı kişilərin yeni müdafiə statusu əldə etməsinə məhdudiyyətlər tətbiq olunub. Bununla belə, bu qərar Aİ-də yaşayan bütün ukraynalı kişilərin avtomatik deportasiyası anlamına gəlmir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.