BƏƏ Almaniyaya əlavə 40 milyard avro sərmayə yatırmağa hazırlaşır

BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayedin Almaniyaya dövlət səfəri zamanı Əmirliklər ölkəyə əlavə 40 milyard avro investisiya planını açıqlayıb. Tərəflər eyni zamanda 9,356 milyard avrodan çox dəyəri olan 29 biznes sazişi imzalayıblar.

51

Birləşmiş Ərəb Əmirlikləri Almaniyaya əlavə 40 milyard avro sərmayə yatırmağı planlaşdırır. Şeyx Məhəmməd bin Zayedin Berlinə dövlət səfəri zamanı açıqlanan paket sənaye, süni intellekt, rəqəmsal infrastruktur, məlumat mərkəzləri və energetikanı əhatə edəcək.

MSNews.az xəbər verir ki, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın 9–11 sentyabr tarixlərində Almaniyaya ilk dövlət səfəri zamanı kansler Fridrix Mertslə görüşündə iki ölkə arasında iqtisadi əməkdaşlığın əhəmiyyətli dərəcədə genişləndirilməsi razılaşdırılıb. Almaniya hökumətinin birgə bəyanatına görə, tərəflər 40 milyard avroluq BƏƏ investisiya paketini alqışlayıblar. Paketə təxminən 1 GVt gücə malik yeni nəsil məlumat mərkəzlərinin yaradılması da daxildir.

BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd əl-Cabir bildirib ki, ölkəsi Almaniyaya indiyədək təxminən 34 milyard avro sərmayə yatırıb. Onun sözlərinə görə, yeni 40 milyard avroluq plan bu investisiyaların üzərinə əlavə olunur. Paket tam reallaşarsa, BƏƏ-nin Almaniyadakı investisiya miqyası nəzəri olaraq 74 milyard avroya çata bilər, lakin yeni vəsaitlərin hamısının yatırılması üçün konkret yekun müddət açıqlanmayıb.

BƏƏ-nin rəsmi məlumatına görə, 40 milyard avronun 10 milyard avrosunun Bavariyaya yönəldilməsi nəzərdə tutulur. Prioritet sahələr sənaye, qabaqcıl texnologiyalar, süni intellekt, rəqəmsal infrastruktur və energetikadır.

Səfər zamanı BƏƏ və Almaniya şirkətləri arasında ümumi dəyəri 9,356 milyard avrodan çox olan 29 memorandum və saziş imzalanıb. Bundan əlavə, iki ölkə investisiyaları koordinasiya etmək üçün Almaniya–BƏƏ İnvestisiya Şurasının yaradılması barədə razılığa gəlib.

BƏƏ artıq Almaniyanın bir sıra strateji şirkət və infrastruktur aktivlərində mühüm mövqeyə malikdir. Ən böyük nümunələrdən biri Almaniyanın kimya nəhəngi “Covestro”dur. Şirkətin öz məlumatına görə, BƏƏ-nin ADNOC qrupuna bağlı XRG və onun törəmə strukturu hazırda “Covestro”nun səhmlərinin 95,1 faizinə sahibdir.

BƏƏ-nin “Mubadala” suveren investisiya fondu isə dünyanın ən böyük müqaviləli çip istehsalçılarından “GlobalFoundries”in əsas səhmdarıdır. Şirkətin rəsmi hesabatına görə, Almaniyanın Drezden şəhərində yerləşən zavod “GlobalFoundries”in dünyadakı dörd əsas istehsal müəssisəsindən biridir.

Digər strateji aktiv Almaniyanın ən böyük müstəqil qaz nəqli operatoru “Open Grid Europe”dur. Abu-Dabi İnvestisiya İdarəsinin — ADIA-nın “Infinity Investments” strukturu OGE-nin sahibi olan “Vier Gas Holding”də 24,99 faiz paya malikdir. 2025-ci ildə bu payın İtaliyanın “Snam” şirkətinə 920 milyon avroya satılması barədə razılıq əldə olunsa da, Almaniyada xarici investisiyalara dair təsdiq prosesində yaranan problemlər səbəbindən sövdələşmə ləğv edilib.

ADIA həmçinin “Global Infrastructure Partners” ilə birlikdə Hamburqda yerləşən “VTG”nin 72,5 faizlik nəzarət paketini əldə edən konsorsiumun iştirakçısıdır. “VTG” Avropanın ən böyük özəl dəmir yolu yük vaqonları parklarından birini idarə edir.

BƏƏ-nin bərpa olunan enerji şirkəti “Masdar” isə Baltik dənizində yerləşən “Baltic Eagle” dəniz külək elektrik stansiyasının 49 faizinə sahibdir. Stansiyanın gücü 476 MVt, layihənin qiymətləndirilən ümumi dəyəri isə təxminən 1,6 milyard avrodur. Qalan 51 faiz İspaniyanın “Iberdrola” şirkətinə məxsusdur.

Səfər aviasiya sahəsində də BƏƏ üçün uzun müddətdir gözlənilən nəticə verib. Almaniya hökuməti “Emirates” aviaşirkətinə Berlin-Brandenburq hava limanından uçuşlar həyata keçirmək üçün əlavə trafik hüquqları verib. Yeni qaydalara əsasən, aviaşirkət Berlin–Dubay istiqamətində həftədə maksimum yeddi, yəni gündə bir reys həyata keçirə biləcək.

Şeyxin səfəri Berlin sakinləri üçün isə ciddi nəqliyyat məhdudiyyətləri ilə yadda qalıb. Mitte, Tirqarten və Xarlottenburq rayonlarında küçələr bağlanıb, bəzi ictimai nəqliyyat marşrutları dəyişdirilib və şəhər mərkəzindən yayınmaq tövsiyə olunub.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.