Arktikada kabel savaşı: NATO və Rusiya üz-üzə

Şpitsbergen yaxınlığında Rusiyanın GUGI əməliyyatının aşkarlanması Arktikada sualtı infrastrukturu NATO-Rusiya qarşıdurmasının yeni cəbhəsinə çevirir.

107

Arktikada aşkarlanan gizli Rusiya əməliyyatı NATO ilə Moskva arasında mümkün qarşıdurmanın yeni və daha görünməz cəbhəsinin dəniz dibində formalaşdığını göstərir.

“Reuters”-in iki Qərb rəsmisinə istinadən yaydığı məlumata görə, 2026-cı ilin yazında Rusiyanın Dərin Dəniz Tədqiqatları Baş İdarəsinə — GUGI-yə bağlı xüsusi sualtı vasitələr Norveçin Şpitsbergen arxipelaqı yaxınlığında fəaliyyət göstərib. Mənbələr bildiriblər ki, dərinlik aparatları kritik sualtı kabelləri sıradan çıxarmaq imkanına malik texnologiyanın yerləşdirilməsini imitasiya edib. Britaniya, Norveç və ABŞ qüvvələri Rusiya vasitələrini izləyib və qarşılarına çıxaraq təlimin tamamlanmasına imkan verməyiblər. Kabellərə isə zərər dəyməyib.

Söhbət Şpitsbergeni Norveçin materik hissəsi ilə birləşdirən, hər birinin uzunluğu təxminən 1400 kilometr olan iki fiber-optik kabeldən gedir. Kabellər bəzi hissələrdə 2700 metrədək dərinlikdən keçir və SvalSat peyk stansiyasından böyük həcmdə məlumatın ötürülməsində mühüm rol oynayır.

Çin üzrə mütəxəssis Pərviz Əliyevin fikrincə, hadisəyə yalnız ayrıca hərbi epizod kimi baxmaq doğru olmaz:

“Burada əsas məsələ Rusiyanın bir kabeli kəsib-kəsməməsi deyil. Əsas məsələ odur ki, müasir müharibədə qarşı tərəfin ən həssas nöqtələri əvvəlcədən müəyyənləşdirilir. Bu gün Avropanın internet, məlumat mübadiləsi, enerji və maliyyə sistemlərinin böyük hissəsi sualtı infrastruktura bağlıdır. Dənizin dibindəki bir neçə strateji xətt bəzən yüzlərlə hərbi obyekt qədər əhəmiyyətli ola bilər.”

Norveç Kəşfiyyat Xidmətinin 2026-cı il üzrə qiymətləndirməsi də təhlükənin sırf nəzəri olmadığını göstərir. Norveç Kəşfiyyat Xidməti bildirir ki, Rusiya Qərbin kritik dərinlik infrastrukturuna zərbə imkanlarını inkişaf etdirməkdə davam edir. Hesabatda GUGI-nin sualtı infrastrukturu xəritələşdirmək üçün xüsusi səth gəmilərinə, onun məhv edilməsi üçün isə ixtisaslaşdırılmış sualtı qayıqlara malik olduğu qeyd olunur.

Əliyevə görə, bu imkanların əsas əhəmiyyəti onların klassik hərbi hücumdan fərqli olaraq gizli və ilkin mərhələdə siyasi baxımdan qeyri-müəyyən şərait yaratmasındadır:

“NATO ilə mümkün qarşıdurmanın ilk mərhələsi mütləq hansısa Avropa şəhərinə raket zərbəsi ilə başlamaya bilər. Bir neçə kabel sıradan çıxa, rabitədə fasilələr, məlumat ötürülməsində problemlər yarana bilər. Belə vəziyyətdə hücumun kim tərəfindən edildiyini dərhal sübut etmək də çətinləşir. Məhz bu qeyri-müəyyənlik hibrid müharibənin əsas üstünlüklərindən biridir.”

Aprelin 9-da Britaniyanın müdafiə naziri Con Hili ayrıca əməliyyat barədə məlumat verərək, Şimali Atlantikada Rusiyanın “Akula” sinifli nüvə sualtı qayığının və GUGI-yə aid iki ixtisaslaşdırılmış sualtı qayığın bir aydan artıq izlənildiyini açıqlamışdı. Böyük Britaniya Müdafiə Nazirliyi həmin vasitələrin sülh dövründə sualtı infrastrukturu öyrənmək, münaqişə şəraitində isə sabotaj üçün nəzərdə tutulduğunu bildirib.

Pərviz Əliyev hesab edir ki, buna görə Arktikanın əhəmiyyəti yalnız təbii ehtiyatlar və yeni dəniz marşrutları ilə məhdudlaşmır:

“Arktika artıq ayrıca strateji cəbhəyə çevrilir. Rusiyanın Kola yarımadasındakı hərbi infrastrukturu, Şimali Atlantikaya çıxışı, NATO-nun Norveç və digər şimal ölkələrindəki imkanları və dənizin dibindən keçən kommunikasiya xətləri eyni təhlükəsizlik zəncirinin hissəsidir. Kim həmin zənciri daha yaxşı görür və nəzarətdə saxlayırsa, böhran zamanı ciddi üstünlük əldə edir.”

NATO da son illərdə sualtı infrastrukturun müdafiəsini genişləndirib. Alyans 2025-ci ilin yanvarında Baltik dənizində kritik infrastruktura nəzarəti artırmaq məqsədilə “Baltic Sentry” fəaliyyətinə başlayıb. Burada freqatlar, dəniz patrul təyyarələri və pilotsuz dəniz vasitələrindən istifadə nəzərdə tutulur.

Əliyevin qənaətincə, Şpitsbergen hadisəsinin əsas mesajı da məhz budur:

“Rusiya dəniz dibində nə qədər sərbəst hərəkət edə bildiyini, NATO isə belə fəaliyyətləri nə qədər tez aşkarlaya bildiyini yoxlayır. Yəni söhbət təkcə texnologiyadan deyil, qarşılıqlı kəşfiyyat və çəkindirmə yarışından gedir. Gələcək böyük qarşıdurmanın xəritəsinə baxsaq, orada quru, hava və kosmosla yanaşı dəniz dibini də ayrıca cəbhə kimi görəcəyik.”

Bununla belə, hadisə ilə bağlı mühüm detal ondan ibarətdir ki, Rusiyanın Müdafiə Nazirliyi “Reuters”in konkret Şpitsbergen əməliyyatı ilə bağlı sorğusuna cavab verməyib. Kremlin isə NATO ölkələrində sabotaj əməliyyatları aparması və alyansla qarşıdurmaya hazırlaşması barədə ittihamları davamlı olaraq rədd etdiyi qeyd olunur. Buna görə əməliyyatın məqsədi ilə bağlı detalları Qərb rəsmilərinin iddiaları kimi qiymətləndirmək lazımdır.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.