İraqda silah məsələsi hakim koalisiyada fikir ayrılığı yaradıb

İraqın hakim Dövlət İdarəçiliyi Koalisiyasında silahların dövlət nəzarətinə verilməsi və “Həşd əş-Şaabi” rəhbərliyinin gələcəyi ilə bağlı fikir ayrılıqları dərinləşib.

58

İraqın hakim Dövlət İdarəçiliyi Koalisiyasında silahların yalnız dövlətin nəzarətində cəmlənməsi və “Həşd əş-Şaabi”nin rəhbərliyinin gələcəyi ilə bağlı fikir ayrılıqlarının dərinləşdiyi bildirilir.

MSNews.az xəbər verir ki, koalisiya sentyabrın 5-də Bağdaddakı Hökumət Sarayında baş nazir Əli Falih əl-Zaidinin ev sahibliyi ilə 38-ci iclasını keçirib. Rəsmi açıqlamada ölkənin siyasi, iqtisadi və qanunvericilik məsələləri, hökumətin formalaşdırılmasının tamamlanması və neft-qaz qanunu layihəsi müzakirə olunub.

Bu barədə “İraq Xəbər Agentliyi” (INA) məlumat yayıb.

Koalisiya ABŞ-ın “bəzi ölkələrə” tətbiq etdiyi sanksiyaların İraqa mümkün təsirlərindən qorunmağın vacibliyini vurğulayıb və ölkənin mövcud maliyyə vəziyyətinin riskə yol vermədiyini bildirib. Rəsmi bəyanatda İranın adı çəkilməsə də, “Əş-Şərq Əl-Əvsət” və bir sıra İraq media qurumları bu ifadənin ilk növbədə İrana qarşı tətbiq edilən ABŞ sanksiyalarına işarə etdiyini yazır.

Bununla belə, son iclasın rəsmi nəticələrində hökumətin əsas prioritetlərindən biri sayılan silahların dövlət nəzarətində cəmlənməsi məsələsinə ayrıca yer verilməyib. “Əş-Şərq Əl-Əvsət”in siyasi mənbələrə istinadən yaydığı məlumata görə, buna əsas səbəblərdən biri şiə qüvvələri, xüsusilə Koordinasiya Çərçivəsi daxilindəki fikir ayrılıqlarıdır.

Silah məsələsi bundan əvvəl hökumət proqramında açıq şəkildə yer alıb. İraq parlamentinin avqust ayında yaydığı açıqlamada dövlətin silah üzərində müstəsna nəzarətinin təmin edilməsinin hökumət proqramının tərkib hissəsi olduğu və parlament tərəfindən dəstəkləndiyi bildirilmişdi.

Hakim şiə qüvvələri arasında digər mübahisə “Həşd əş-Şaabi”nin rəhbəri Faleh əl-Fəyyadın vəzifədə qalıb-qalmaması ilə bağlıdır. “Əs-Sumariya” və “Əş-Şərq Əl-Əvsət”in məlumatına görə, Qeys əl-Xəzəlinin rəhbərlik etdiyi “Əsaib Əhl əl-Həq” əl-Fəyyadın postdan getməsini istəyir. Nuri əl-Malikinin rəhbərlik etdiyi “Dövlət Qanunu” koalisiyası isə onun vəzifədə qalmasını dəstəkləyən qüvvələr arasındadır.

Dövlət İdarəçiliyi Koalisiyası 2022-ci ildə yaradılıb və ölkənin əsas şiə, sünni və kürd siyasi qüvvələrini bir araya gətirən hakim siyasi platforma kimi fəaliyyət göstərir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.