Dünyanın ən qədim qorunub saxlanılan fotoşəkli hesab edilən Nisefor Nyepsin “Point de vue du Gras” əsəri yaradılmasından təxminən 200 il sonra ilk dəfə Fransada nümayiş etdiriləcək.
MSNews.az xəbər verir ki, tarixi foto 2027-ci ilin yazında Şalon-sür-Son şəhərindəki Nisefor Nyeps Muzeyində keçiriləcək xüsusi sərginin əsas eksponatı olacaq. Bu barədə “Fransa Mədəniyyət Nazirliyi” məlumat yayıb.
“Point de vue du Gras” — “Le Grasdan mənzərə” — Nyepsin Burqundiyada, Sen-Lu-de-Varen yaxınlığındakı ailə evinin yuxarı mərtəbəsindəki pəncərədən çəkilib. Fotoda malikanənin binaları və ətraf mənzərə görünür.
Fransa Mədəniyyət Nazirliyinin məlumatına görə, Nyeps 1827-ci ilin yazında cilalanmış qalay lövhəni Yəhudi bitumu adlanan işığa həssas maddə ilə örtərək kamera-obskuraya yerləşdirib. Təxminən üç gün davam edən ekspozisiyadan sonra lövhədə mənzərə qalıcı şəkildə qeydə alınıb. Bu üsul sonradan fotoqrafiyanın yaranmasının əsas mərhələlərindən biri hesab edilib.
Əsərin tarixi bəzi mənbələrdə 1826, digərlərində isə 1826-1827 kimi göstərilir. Fransa hökumətinin fotoqrafiyanın 200 illiyi proqramı da məhz 1826/1827–2026/2027 tarixlərini əsas götürür. Bununla belə, sərgiyə gətiriləcək orijinal lövhə Fransa dövlət sənədlərində 1827-ci ilə aid edilir.
Foto hazırda ABŞ-da, Ostində yerləşən Texas Universitetinin Harry Ransom Center kolleksiyasında qorunur. ABŞ tərəfi əsəri fotoqrafiyanın 200 illiyi münasibətilə Fransaya müvəqqəti olaraq təqdim edəcək. Fransa hökuməti tarixi artefaktın ölkədə olduğu müddətdə hüquqi toxunulmazlığını təmin edən xüsusi qərar da qəbul edib.
Tarixi foto “L’empreinte d’Hélios. 1826-1827, Niépce invente la photographie!” — “Heliosun izi. 1826-1827: Nyeps fotoqrafiyanı ixtira edir” sərgisinin əsas eksponatı olacaq. Fransa Mədəniyyət Nazirliyinin son məlumatına görə, əsər 2027-ci ilin aprelinin sonundan iyunun sonuna qədər Nisefor Nyeps Muzeyində nümayiş etdiriləcək.
Sərgidə yalnız məşhur foto deyil, Nyepsin fotoqrafiyanı yaratmasına aparan eksperimentlər, cihazlar, arxiv sənədləri və digər heliografiya nümunələri də təqdim olunacaq. Eksponatların bir hissəsi Fransa Milli Kitabxanası, Fransa Fotoqrafiya Cəmiyyəti və digər mədəniyyət müəssisələrinin kolleksiyalarından gətiriləcək.
“Le Grasdan mənzərə” bu gün kamera vasitəsilə yaradılmış və dövrümüzədək gəlib çatmış ən qədim fotoşəkil kimi qəbul edilir. Onun əhəmiyyəti təkcə görüntünün yaşında deyil: Nyeps ilk dəfə kamera-obskurada yaranan müvəqqəti işıq təsvirini material üzərində qalıcı şəkildə saxlamağa nail olmuşdu.
Fransa 2026-2027-ci illərdə bu hadisənin 200 illiyini ölkə miqyasında sərgilər, elmi tədbirlər və mədəni proqramlarla qeyd edir.