Venesuela müxalifətinin lideri Mariya Korina Maçado ABŞ-nin ölkənin neft sektoruna dair yeni razılaşmasının şəffaflığını və venesuelalılara real faydasını şübhə altına alıb.
MSNews.az xəbər verir ki, Maçado sazişin “əsl miqyasının” hələ də tam aydın olmadığını bildirib.
“Onu kim imzalayır? Konkret olaraq nə imzalanır? Pulu kim verir? Zəmanəti kim təmin edir? Bu saziş venesuelalılara hansı faydanı verəcək?” – deyə Maçado bildirib.
Onun açıqlamasını “Reuters” və “Bloomberg Línea” yayıb.
Maçado eyni zamanda ABŞ-ni Venesuelanın enerji potensialının inkişafı üçün əsas strateji tərəfdaş hesab etdiyini vurğulayıb. Bununla belə, o, uzunmüddətli investisiyaların cəlb edilməsi üçün hüquqi təminat, şəffaflıq və siyasi legitimliyin vacib olduğunu, belə sabitliyin isə demokratik hökumət şəraitində mümkün olduğunu bildirib.
Məsələ Donald Tramp administrasiyasının Venesuelanın neft sektoruna dair açıqladığı genişmiqyaslı razılaşmadan sonra gündəmə gəlib. Ağ Ev bildirir ki, Venesuela hakimiyyəti “North American Blue Energy Partners” (NABEP) şirkətinə təxminən 65 milyard barel sübut olunmuş ehtiyatı əhatə edən 17 neft yatağı üzrə 100 illik konsessiyalar verib. ABŞ Müdafiə Nazirliyinin Strateji Kapital Ofisi isə NABEP-in ana şirkətində 35 faizlik pay əldə edir.
Razılaşmaya əsasən, ABŞ Dövlət Departamenti şirkətin hasilatının 20 faizini maya dəyəri ilə almaq hüququ qazanır. Ağ Ev sazişin ABŞ vergiödəyicilərinə birbaşa xərc yaratmadığını və neft gəlirlərinin istifadəsinə dair audit və maliyyə nəzarəti mexanizmlərinin tətbiq ediləcəyini bildirir.
Maçado isə bu detallara baxmayaraq, razılaşmanın Venesuela xalqı üçün hüquqi və iqtisadi nəticələrinin tam aydın olmadığını düşünür. “Reuters”in məlumatına görə, o, ölkənin enerji sektorunda böyük və uzunmüddətli sərmayələr üçün demokratik legitimlik və siyasi sabitliyin əsas şərt olduğunu vurğulayıb.