Pattayada 5 min ABŞ hərbçisinin gəlişi öncəsi fahişəliyə qarşı nəzarət gücləndirilib

"USS Abraham Lincoln" 264 gün fasiləsiz dənizdə qaldıqdan sonra Tailandın Laem Çabanq limanına çatıb. Pattaya polisi fahişəliklə bağlı reyd və patrulları artırıb.

77

Tailandın Pattaya şəhərində ABŞ-ın “USS Abraham Lincoln” aviadaşıyıcısının təxminən 5 min nəfərlik heyətinin sahilə çıxması ərəfəsində fahişəliyə qarşı reydlər və polis nəzarəti gücləndirilib.

MS-News.az xəbər verir ki, aviadaşıyıcı sentyabrın 2-də Pattaya yaxınlığındakı Laem Çabanq limanına çatıb, heyətdə yalnız dənizçilər deyil, ABŞ dəniz piyadaları da var.

“Reuters”“The Independent” bu barədə məlumat yayıb.

Gəminin gəlişindən əvvəl Pattaya polisi əsas çimərlik və gecə həyatı rayonlarında əlavə patrullar təşkil edib. Həftəsonu keçirilən reydlər zamanı fahişəlikdə şübhəli bilinən 40–50 nəfərin saxlanıldığı bildirilib. Tailandda fahişəlik qanunsuz olsa da, Pattaya və Banqkok kimi böyük turizm mərkəzlərində seks sənayesi açıq şəkildə fəaliyyət göstərir.

“Abraham Lincoln” 2025-ci ilin noyabrında San-Dieqodan yola çıxıb və sonradan ABŞ-ın İranla müharibəsi fonunda Yaxın Şərqdəki əməliyyatlara cəlb edilib. ABŞ Mərkəzi Komandanlığının rəsmi materialları aviadaşıyıcının İranla qarşıdurma zamanı 5-ci Donanmanın əməliyyat zonasında fəaliyyət göstərdiyini təsdiqləyir. Uzadılmış missiya başa çatdıqdan sonra gəminin ABŞ-a qayıtması gözlənilir.

Pattaya isə minlərlə ABŞ hərbçisinin səfərindən iqtisadi canlanma gözləyir. Şəhər meri Poramase Nqampiçes bir hərbçinin sahildə olduğu müddətdə gündə təxminən 1000–3000 bat (30–91 dollar) xərcləyə biləcəyini bildirib. Pattaya Vyetnam müharibəsi illərində yaxınlıqdakı ABŞ hərbi bazalarında xidmət edən hərbçilərin istirahət məkanı kimi sürətlə böyümüş, sonradan seks turizmi ilə tanınmışdı. Şəhər hakimiyyəti son illərdə Pattayanı daha çox ailəvi və adi turizm məkanı kimi təqdim etməyə çalışır.