Əliyev və Ərdoğan Bişkekdə görüşdü: regional sülh və əməkdaşlıq müzakirə olundu

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bişkekdə görüşərək Azərbaycan-Türkiyə əlaqələrini, regional sülhü və əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

120

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkekdə görüşüblər.

Azərbaycan Prezidentinin rəsmi saytı bildirir ki, görüş zamanı Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq və strateji müttəfiqliyə əsaslandığı vurğulanıb, bütün istiqamətlər üzrə əlaqələrin genişlənməsindən məmnunluq ifadə olunub. Tərəflər “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq iki ölkənin həm xoş, həm də çətin günlərdə bir-birinin yanında olduğunu qeyd ediblər.

Dövlət başçıları regional sülh və sabitliyin daha da möhkəmləndirilməsi, müttəfiqlik münasibətlərinin perspektivləri, regional gündəm və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Türkiyə tərəfi görüş barədə daha detallı məlumat yayıb. Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat verir ki, Ərdoğan xüsusilə enerji, infrastruktur və nəqliyyat sahələrində Azərbaycanla həyata keçirilən əməkdaşlıq layihələrinin mövcud regional şəraitdə əhəmiyyətinin daha aydın göründüyünü bildirib.

Ərdoğan həmçinin Türkiyənin Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına dəstəyini davam etdirəcəyini deyib. Türkiyə prezidentinin fikrincə, sülh sazişinin əldə olunması region üçün yeni imkanlar yarada bilər.

Görüş zamanı Ərdoğan İlham Əliyevi Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 iqlim sammitinə də dəvət edib.

Əliyev və Ərdoğanın görüşü Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının sammiti çərçivəsində baş tutub. Türkiyə Prezidenti sammitdə iştirak etmək üçün avqustun 31-dən sentyabrın 1-dək Qırğızıstanda səfərdə olub.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.