Avropa ölkələrinin və Rusiyanın keçmiş yüksək vəzifəli rəsmiləri Ukraynadakı müharibənin dayandırılması imkanlarını müzakirə etmək üçün iyul ayında Vyanada məxfi görüş keçiriblər.
MSNews.az xəbər verir ki, “Bloomberg” mənbələrə istinadən görüşdə Böyük Britaniyanın keçmiş milli təhlükəsizlik müşaviri Tim Barrou, Almaniyanın keçmiş dövlət katibi Markus Ederer, fransalı diplomat Pyer Vimon və adı açıqlanmayan keçmiş Kreml rəsmisinin iştirak etdiyini bildirib.
Məlumatı “The Moscow Times” da yayıb.
Görüş İsveçrədə yerləşən Humanitar Dialoq Mərkəzinin təşəbbüsü ilə təşkil olunub. Danışıqlar rəsmi hökumət mandatı olmadan keçirilən və mümkün diplomatik variantların sınaqdan çıxarılmasına xidmət edən “ikinci xətt diplomatiyası” çərçivəsində baş tutub.
Almaniya Xarici İşlər Nazirliyi görüşdən xəbərsiz olduğunu və danışıqların hökumət adından aparılmadığını açıqlayıb. Fransa tərəfi şərh verməyib, Britaniya hökuməti isə Ukraynada ədalətli və davamlı sülh səylərini dəstəklədiyini, lakin keçmiş rəsmilərin fəaliyyətini şərh etmədiyini bildirib.
İyulda Bakıda da keçmiş Almaniya və Rusiya rəsmilərinin oxşar qeyri-rəsmi təmaslar keçirdiyi bildirilmişdi. Azərbaycan Prezidenti İlham Əliyev belə bir görüşün baş verdiyini açıqlasa da, rəsmi Bakı prosesdə iştirak etməyib.