İstanbul Valiliyi şəhərin 39 rayonunda yerləşən məktəblərdə şagird və təhsil işçiləri üçün ibadət sahələrinin yaradılmasına dair göstəriş verib.
MSNews.az xəbər verir ki, İstanbul valisi Davut Gülün imzası ilə rayon rəhbərliklərinə və aidiyyəti dövlət qurumlarına göndərilən rəsmi məktubda yeni tikiləcək məktəblərin layihələrində cümə namazı kimi kollektiv ibadətlərin keçirilməsinə imkan verən, kifayət qədər tutuma malik məscid sahələrinin nəzərdə tutulması tələb olunur.
Bu barədə “Habertürk” məlumat yayıb.
Hazırda fəaliyyət göstərən məktəb və digər təhsil müəssisələrində isə fiziki imkanlar nəzərə alınmaqla uyğun otaq və ya sahələrin cümə namazı üçün ibadət məkanına çevrilməsi tapşırılıb. Məktubun 22 aprel 2026-cı ildə imzalandığı, lakin ictimaiyyətə iyulun sonunda məlum olduğu bildirilir.
Sənəddə şagirdlərin və təhsil əməkdaşlarının dini etiqad azadlığının təmin edilməsinin vacibliyi vurğulanıb. Valiliyin mövqeyinə görə, məktəb daxilində münasib ibadət şəraitinin yaradılması təhsil xidmətlərinin tamamlayıcı elementlərindən biri sayılır.
Qərarın əsas məqsədlərindən biri cümə namazında iştirak etmək istəyən şagirdlərin məktəb ərazisini tərk etməsinin qarşısını almaqdır. Bununla onların təhlükəsizliyinin təmin edilməsi, dərs prosesinin pozulmaması və məktəbə gec qayıtma hallarının azaldılması nəzərdə tutulur. “Yeni Şafak” yazır ki, tətbiq həm şagirdləri, həm də təhsil müəssisələrində çalışan əməkdaşları əhatə edir.
Rəsmi məktubda hər mövcud məktəbdə ayrıca yeni tikilinin inşa edilməsindən bəhs olunmur. Tələb yalnız fiziki şəraiti uyğun olan təhsil müəssisələrində mövcud sahələrin ibadət üçün uyğunlaşdırılmasını nəzərdə tutur. Yeni məktəblərdə isə belə məkanların layihələndirmə mərhələsindən etibarən planlaşdırılması tələb edilir.