ABŞ 50 ölkə üçün 20 min dollaradək viza girovu tətbiq edəcək

ABŞ avqustun 3-dən 50 ölkənin B-1/B-2 viza müraciətçiləri üçün 10 min, 15 min və ya 20 min dollarlıq geri qaytarılan girov proqramını daimi edəcək.

14

ABŞ Dövlət Departamenti 50 ölkənin vətəndaşları üçün tətbiq edilən viza girovu proqramını daimi qaydaya çevirəcək.

MSNews.az xəbər verir ki, yeni qayda 3 avqust 2026-cı ildə qüvvəyə minəcək. Proqram ABŞ-a müvəqqəti işgüzar səfər və turizm məqsədilə verilən B-1, B-2 və birləşdirilmiş B-1/B-2 vizalarına müraciət edən şəxsləri əhatə edir.

“Reuters” yazır ki, proqram əsasən Afrika ölkələri olmaqla ümumilikdə 50 dövlətin pasport sahiblərinə şamil olunur. 2025-ci ilin avqustunda 12 aylıq sınaq kimi başladılan sistemdə girov məbləğləri 5 min, 10 min və 15 min dollar idi. Daimi qaydada 5 min dollarlıq seçim ləğv edilir, yuxarı hədd isə 20 min dollara qaldırılır.

Bununla belə, bütün müraciətçilərdən vahid 20 min dollar alınmayacaq. Federal qaydaya əsasən, konsulluq əməkdaşları müraciətçinin səfər məqsədi, gəliri, işi, təhsili və ABŞ-dakı əlaqələri nəzərə alaraq 10 min, 15 min və ya 20 min dollar girov müəyyən edəcəklər. Standart məbləğin 15 min dollar olması, xüsusi hallarda isə onun 10 min dollara endirilməsi və ya 20 min dollara qaldırılması gözlənilir.

Girov viza üçün əlavə ödəniş deyil və qaydalara əməl olunduğu halda geri qaytarılır. Şəxs ABŞ-ni icazə verilən müddət bitməzdən əvvəl kommersiya hava limanı vasitəsilə tərk edərsə, vizadan istifadə etməzsə və ya sərhəddə ölkəyə buraxılmazsa, məbləğ qaytarılacaq. İcazə verilən müddətdən artıq qalmaq və girovun digər şərtlərini pozmaq isə pulun itirilməsi ilə nəticələnə bilər.

Girovun ödənilməsi vizanın avtomatik verilməsi demək deyil. Müraciətçi əvvəlcə adi viza müsahibəsindən keçməli və konsul tərəfindən viza almağa uyğun hesab edilməlidir. Ödəniş yalnız konsulluq əməkdaşının rəsmi göstərişindən sonra ABŞ Xəzinədarlığının müəyyən etdiyi elektron platforma üzərindən həyata keçiriləcək.

Hazırkı siyahıya Əlcəzair, Anqola, Antiqua və Barbuda, Banqladeş, Benin, Butan, Botsvana, Burundi, Kabo-Verde, Kamboca, Mərkəzi Afrika Respublikası, Kot-d’İvuar, Kuba, Cibuti, Dominika, Efiopiya, Fici, Qabon, Qambiya, Gürcüstan, Qrenada, Qvineya, Qvineya-Bisau, Qırğızıstan, Lesoto, Malavi, Mavritaniya, Mavriki, Monqolustan, Mozambik, Namibiya, Nepal, Nikaraqua, Nigeriya, Papua-Yeni Qvineya, San-Tome və Prinsipi, Seneqal, Seyşel adaları, Tacikistan, Tanzaniya, Toqo, Tonqa, Tunis, Türkmənistan, Tuvalu, Uqanda, Vanuatu, Venesuela, Zambiya və Zimbabve daxildir. Azərbaycan hazırkı siyahıda yer almır.

ABŞ Dövlət Departamenti proqramın yüksək viza müddəti pozuntusu, şəxsiyyət məlumatlarının yoxlanılmasındakı çatışmazlıqlar və ABŞ ilə kifayət qədər məlumat paylaşmayan ölkələrə tətbiq olunduğunu bildirir. Siyahıya gələcəkdə yeni ölkələrin əlavə edilməsi və ya bəzi dövlətlərin çıxarılması mümkündür.

“Associated Press” bildirir ki, sınaq proqramına daxil olan ölkələrin vətəndaşları arasında 2024-cü maliyyə ilində təxminən 45 min 500 viza müddətini aşma halı qeydə alınmışdı. Proqramın ilk 10 ayında bu göstəricinin 50-dən aşağı düşdüyü açıqlanıb. Bununla yanaşı, girov tələb edilən təxminən 20 min müraciətçinin yarısına yaxını ödənişdən imtina edib və həmin ölkələr üzrə turist və işgüzar vizaların verilməsi 83 faiz azalıb.

Miqrasiya və insan hüquqları təşkilatları isə yüksək girov məbləğinin aşağı gəlirli ölkələrin vətəndaşlarının ailə ziyarəti, işgüzar səfər və turizm imkanlarını ciddi şəkildə məhdudlaşdıracağını bildirirlər. ABŞ administrasiyası proqramı viza müddətini aşma hallarının qarşısını almaq və miqrasiya qaydalarına əməl olunmasını təmin etmək vasitəsi kimi müdafiə edir.