Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket çatışmazlığı yaşadığını bildirərək ABŞ və Avropadakı tərəfdaşlarından narazılığını ifadə edib.
MSNews.az xəbər verir ki, Zelenski bu barədə avqustun 1-də yayımlanan axşam müraciətində danışıb. Onun sözlərinə görə, dünyada “Patriot” sistemləri üçün raketlər mövcuddur, lakin onların Ukraynaya göndərilməsi üçün tərəfdaş ölkələrin siyasi qərar qəbul etməsi lazımdır.
“ABŞ bizə nə lazım olduğunu bilir. Avropada da bizə nə lazım olduğunu bilirlər. Ballistik raketlərə qarşı müdafiə vasitələri anbarlarda saxlanılmamalı, insanları qorumalıdır”, – Ukrayna Prezidenti bildirib.
Zelenskinin sözlərinə görə, lazımi hərbi yardımın göstərilmədiyi hər gün Rusiyaya Ukrayna vətəndaşlarını öldürmək üçün əlavə imkan yaradır. O, tərəfdaşları “Patriot” raketlərinin daxil olduğu yeni yardım paketlərini gecikdirmədən təsdiqləməyə çağırıb.
Açıqlama Rusiyanın Kiyev və ətraf bölgələrə genişmiqyaslı raket və dron hücumundan sonra verilib. Ukrayna tərəfinin məlumatına əsasən, Rusiya hücum zamanı 35 raket, o cümlədən 27 ballistik raket və 185 pilotsuz uçuş aparatı buraxıb. Ballistik raketlərdən yalnız biri zərərsizləşdirilib.
“Reuters” yazır ki, hücum nəticəsində Kiyev və Kiyev vilayətində ölənlərin sayı sonradan 10 nəfərə çatıb. Paytaxtın yeddi rayonunda dağıntılar qeydə alınıb, yaşayış binaları, məktəb, Litva səfirliyinin binası və infrastruktur obyektləri zərər görüb.
Ukrayna Prezidenti daha əvvəl ölkənin “Patriot” sistemləri üçün raket ehtiyatının tükəndiyini bildirmişdi. Kiyev ballistik raketləri vura bilən bu sursatların təcili şəkildə çatdırılmasını və gələcəkdə Ukraynada istehsalına icazə verilməsini istəyir.
ABŞ Prezidenti Donald Tramp isə iyulun 31-də Ukraynaya “Patriot” raketləri istehsal etmək üçün lisenziya verilməsi barədə razılaşmanın hələ əldə olunmadığını açıqlayıb. O, danışıqların davam etdiyini, lakin qabaqcıl raket texnologiyasının ötürülməsinə ehtiyatla yanaşdıqlarını bildirib.
Zelenski tərəfdaşlardan yalnız əlavə hava hücumundan müdafiə sursatları deyil, Rusiyanın raket istehsalına kömək edən şirkət və şəxslərə qarşı daha sərt sanksiyalar da tələb edib. Onun sözlərinə görə, Rusiya müəssisələrinə raket, buraxılış qurğusu və komponent istehsalında dəstək göstərən bütün tərəflər məhdudiyyətlərə məruz qalmalıdır.