Sloveniyalı futbol hakimi Slavko Vinçiç 46 yaşında hakimlik karyerasını başa vurub.
MSNews.az xəbər verir ki, Sloveniya Futbol Federasiyası Vinçiçin 2026-cı il dünya çempionatının finalından bir həftə sonra peşəkar hakimlik fəaliyyətinə son qoyduğunu açıqlayıb. Qurum onun karyerasını futbol dünyasının ən yüksək səviyyəsində tamamladığını bildirib.
Vinçiç iyulun 19-da Nyu-York-Nyu-Cersi stadionunda keçirilən İspaniya–Argentina finalının baş hakimi olub. Bununla da o, dünya çempionatının finalını idarə edən ilk sloveniyalı və turnirin tarixində bu vəzifəni yerinə yetirən 23-cü hakim kimi tarixə düşüb.
Sloveniyanın “24ur.com” nəşri yazır ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası Vinçiçi 2026-cı il mundialının ən yaxşı hakimi seçib. O, turnirdəki fəaliyyətinə görə İtaliyada təqdim olunan Culio Kampanati mükafatına da layiq görülüb.
Slavko Vinçiç 2010-cu ildən FIFA-nın beynəlxalq hakimlər siyahısında yer alıb. O, 2022-ci ildə “Ayntraxt Frankfurt”–“Qlazqo Reyncers” Avropa Liqası finalını, 2024-cü ildə isə “Borussiya Dortmund”–“Real Madrid” Çempionlar Liqası finalını idarə edib. Sloveniyalı hakim Avro-2024-də Fransa ilə İspaniya arasındakı yarımfinal qarşılaşmasına da təyinat almışdı.
“Delo” Vinçiçin beynəlxalq və klub səviyyəsində 500-dən çox oyunda çalışdığını və Sloveniya futbol tarixinin ən uğurlu hakimlərindən biri kimi karyerasını tamamladığını yazıb. Onun hakimlikdən ayrılmasının konkret səbəbi açıqlanmayıb.