ABŞ-nin Texas ştatında törətmədiyi cinayətlərə görə 24 ildən çox həbsdə saxlanılan Stiven Fillips DNT ekspertizasının nəticələrindən sonra bəraət alıb və dövlətdən təxminən 6 milyon dollar təzminat əldə edib.
MSNews.az xəbər verir ki, Fillips 1982-ci ildə Dallas şəhərində baş verən bir sıra cinsi hücum və soyğunçuluq hadisələrində təqsirli bilinib. İttihamların əsasını zərərçəkənlərin və şahidlərin yanlış tanıması təşkil edib. O, günahsız olduğunu davamlı şəkildə bildirsə də, uzunmüddətli həbs cəzasına məhkum edilib. (Innocence Project)
Fillips 2007-ci ildə şərti azadlığa buraxılıb. Bir il sonra aparılan yeni DNT ekspertizası onun cinayətləri törətmədiyini təsdiqləyib və sübutlar başqa bir şəxslə uyğunlaşıb. Texas Cinayət Apellyasiya Məhkəməsi 2008-ci il oktyabrın 1-də Fillipsin məhkumluğunun ləğvinə qərar verib.
Texasın haqsız yerə məhkum edilmiş şəxslərə kompensasiya verilməsini nəzərdə tutan qanununa əsasən, Fillipsə birdəfəlik ödəniş, annuitet və digər imtiyazlar daxil olmaqla ümumilikdə təxminən 6 milyon dollar ayrılıb. “The Texas Tribune” onun 2009-cu ildə təzminat almaq hüququ qazandığını yazıb.
Fillips həbsdə olarkən həyat yoldaşı Treysi Taker 1992-ci ildə ondan boşanıb. Keçmiş həyat yoldaşı sonradan məhkəməyə müraciət edərək, təzminatın Fillipsin həbsdə olduğu nikah dövründə itirdiyi gəlirləri də əhatə etdiyini və buna görə vəsaitin bir hissəsinin ortaq əmlak sayılmalı olduğunu iddia edib.
Birinci instansiya məhkəməsi əvvəlcə Takerə 228 min 919 dollar verilməsi barədə qərar çıxarıb. Lakin Texas Apellyasiya Məhkəməsi 2014-cü il mayın 12-də həmin qərarı ləğv edib. Məhkəmə təzminatın itirilmiş əməkhaqqı deyil, haqsız həbsə görə şəxsən Fillipsə verilən kompensasiya olduğunu və keçmiş həyat yoldaşının bu vəsaitdə payının olmadığını müəyyənləşdirib.
Beləliklə, sosial şəbəkələrdə yenidən yayılan hadisə yeni deyil. Fillips 2008-ci ildə bəraət alıb, keçmiş həyat yoldaşının təzminatla bağlı iddiası isə 2014-cü ildə yekun olaraq təmin edilməyib.