İraqın milli təhlükəsizlik üzrə müşaviri Qasim əl-Abudi Ukrayna ilə əlaqəli qrupların ölkə ərazisində hücumlar həyata keçirdiyini iddia edib.
MSNews.az xəbər verir ki, əl-Abudi televiziya müsahibəsində İraq təhlükəsizlik orqanlarının müəyyən qrupları saxladığını və onların Ukraynanın maraqları naminə fəaliyyət göstərdiklərini etiraf etdiklərini bildirib.
“Yeni bir məsələ ortaya çıxıb – söhbət Ukraynanın İraqa müdaxiləsindən gedir. Biz müəyyən qruplar aşkarlayırıq. Onlar məhdud miqyaslı hücumlar həyata keçirirlər, lakin bunlar Ukrayna hüceyrələridir”, – deyə müşavir bildirib. Bu barədə “Shafaq News” məlumat yayıb.
Əl-Abudi bununla belə, istintaqın davam etdiyini vurğulayaraq, yekun nəticələr əldə olunmadan hər hansı tərəfi qəti şəkildə ittiham etməyin düzgün olmadığını söyləyib. Onun sözlərinə görə, məsələ mürəkkəbdir və əlavə araşdırmaya ehtiyac var.
İddialara cavab olaraq Ukrayna Xarici İşlər Nazirliyi bəyan edib ki, İraq rəsmisinin səsləndirdiyi ittihamlar əsassızdır və heç bir sübutla dəstəklənmir. Kiyev bu bəyanatları “qəbuledilməz və məsuliyyətsiz” adlandıraraq, İraq tərəfinin məsələ ilə bağlı Ukrayna ilə əvvəlcədən heç bir rəsmi təmas qurmadığını bildirib.
Hazırda İraq tərəfi saxlanılan şəxslər, onların kimliyi, eləcə də Ukrayna dövlət strukturları ilə mümkün əlaqələrinə dair hər hansı sübut və ya əlavə məlumat açıqlamayıb. Buna görə də əl-Abudinin səsləndirdiyi ittihamlar hələlik müstəqil şəkildə təsdiqlənməyib.