Litva Prezidenti müsəlmanlara qarşı təxribatlarla bağlı xəbərdarlıq etdi

Litva Prezidenti Gitanas Nauseda ölkədə müsəlman icmasını hədəfə alan son insidentlərin təsadüfi hadisələr deyil, əvvəlcədən təşkil olunmuş aksiyalar ola biləcəyini bildirib.

72

Litva Prezidenti Gitanas Nauseda ölkədə son həftələrdə dini icmalar, xüsusilə müsəlmanlarla bağlı baş verən insidentlərin ayrı-ayrı emosional reaksiyalar deyil, əvvəlcədən təşkil olunmuş aksiyalar ola biləcəyini bildirib.

MSNews.az xəbər verir ki, Nauseda sentyabrın 30-da verdiyi açıqlamada qısa müddət ərzində oxşar xarakterli hadisələrin təkrarlanmasının təsadüfi görünmədiyini deyib. Onun sözlərinə görə, bu aksiyaların arxasında duran mümkün təşkilatçıların müəyyənləşdirilməsi lazımdır.

Prezident hadisələrin xaricdən yönləndirilmiş ola biləcəyini də istisna etməyib. Nauseda mümkün sifarişçilər sırasında “Şərqdəki ölkələrin” də ola biləcəyini deyib, lakin bununla bağlı konkret sübut və ya dövlətin adını açıqlamayıb.

Müzakirələrə səbəb olan hadisələrdən biri sentyabrın 13-də Vilnüsün mərkəzində baş verib. Şəhərin Etmonų küçəsində Quranın açıq şəkildə yandırıldığı görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra polis xuliqanlıq maddəsi ilə ilkin istintaqa başlayıb. “LRT” hadisənin görüntülərinin daha sonra ictimailəşdirildiyini bildirib.

Digər insident isə Kaunas şəhərində qeydə alınıb. Sentyabrın 11-də müsəlmanların namaz qıldığı vaxt bir qrup bayker məscidin qarşısına gələrək motosikletlərlə səs-küy yaradıb, şüarlar səsləndirib və donuz başı nümayiş etdirib. Kaunas polisi hadisə ilə əlaqədar dini ayinlərə mane olma və müəyyən insan qrupuna qarşı nifrətin qızışdırılması ehtimalı üzrə araşdırmaya başlayıb.

Nausedanın müşaviri Deividas Matulionis də Kaunasda baş verənləri “təxribat” adlandıraraq hüquq-mühafizə orqanlarının məsələyə hüquqi qiymət verməli olduğunu bildirib. O, Litvada dini və milli dözümlülüyün tarixi ənənə olduğunu vurğulayıb.

Litvanın Dövlət Təhlükəsizliyi Departamenti isə son aylarda ölkənin informasiya məkanında müsəlmanlara qarşı nifrət çağırışlarının artdığını açıqlayıb. Qurumun qiymətləndirməsinə görə, yaxın perspektivdə müsəlman icmasının üzvlərinə və ya onların dini obyektlərinə qarşı zorakı əməllər riskinin yüksəlməsi mümkündür.

Nauseda eyni zamanda miqrasiya ilə bağlı real problemlərin mövcud ola biləcəyini, lakin bunun digər dinlərin nümayəndələrinin dövlət üçün təhlükə və ya düşmən kimi təqdim edilməsinə əsas vermədiyini vurğulayıb.

Litvada son hadisələr fonunda miqrasiya və dini dözümlülük mövzusu ictimai-siyasi müzakirələrin əsas mövzularından birinə çevrilib. Bununla belə, insidentlərin vahid mərkəzdən koordinasiya edildiyinə dair hələlik rəsmi sübut açıqlanmayıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.