Orban “Tisza” hökumətinə qarşı “müqavimət” elan etdi

Macarıstanın keçmiş baş naziri Viktor Orban Peter Madyarın rəhbərlik etdiyi "Tizsa" hökumətini “tiraniya” qurmaqda ittiham edərək dinc müqavimətə çağırıb. O, ölkəni “neft sərvəti olmayan yeni Venesuela” adlandırıb.

16

Macarıstanın keçmiş baş naziri Viktor Orban Peter Madyarın rəhbərlik etdiyi yeni hökumətə qarşı “dinc müqavimət” kampaniyasına başladığını elan edib.

MSNews.az xəbər verir ki, Orban “Tisza hökumətini siyasi rəqibləri sıradan çıxarmağa və ölkədə “tiraniya” qurmağa çalışmaqda ittiham edib. Keçmiş hökumət başçısı tərəfdarlarını hakimiyyətin qərarlarına siyasi və hüquqi vasitələrlə müqavimət göstərməyə çağırıb.

“Reuters”“Associated Press” bildirir ki, Orban hərəkatın zorakılıq deyil, dinc siyasi mübarizə formasında aparılacağını vurğulayıb.

Orban iyulun 25-də Rumıniyada keçirilən ənənəvi Tuşvanyoş yay forumundakı çıxışında hökumət əleyhinə ritorikasını daha da sərtləşdirib. O, Macarıstanın yeni hakimiyyət dövründə Cənubi Amerikadakı solçu avtoritar rejimlərə bənzəməyə başladığını iddia edib.

“Macarıstan yeni Venesueladır, sadəcə neft sərvəti yoxdur”, – deyə keçmiş baş nazir bildirib. Orbanın fikrincə, ölkədə siyasi rəqiblərə, keçmiş dövlət məmurlarına və əvvəlki hökumətlə əməkdaşlıq etmiş sahibkarlara qarşı hüquqi təzyiq göstərilir. Bu iddialar hazırkı hökumət tərəfindən qəbul edilmir. “Telex” çıxışın əsas hissələrini yayımlayıb.

Orban çıxışında hökumətin dövlət əmlakının mənimsənilməsi iddialarını araşdırmaq üçün yaratmaq istədiyi yeni quruma da toxunub. Söhbət keçmiş hakimiyyət dövründə qanunsuz şəkildə əldə edildiyi ehtimal olunan dövlət aktivlərini müəyyənləşdirmək və geri qaytarmaq üçün nəzərdə tutulan Milli Aktivlərin Qorunması və Geri Qaytarılması İdarəsindən gedir.

Keçmiş baş nazir bu qurumun siyasi rəqiblərlə mübarizə vasitəsinə çevriləcəyini iddia edərək təşəbbüsü XX əsrin totalitar rejimləri ilə müqayisə edib.

“Bunu indiyədək yalnız kommunistlər və Hitler ediblər. Bunun necə başa çatdığını bilirik”, – Orban deyib. Bununla belə, yeni qurumun rəsmi məqsədi siyasi müxalifətin təqibi deyil, dövlət vəsaitlərinin mümkün mənimsənilməsi hallarının araşdırılması və itirilmiş aktivlərin geri qaytarılması kimi təqdim olunur. “Reuters” idarənin Peter Madyar hökumətinin korrupsiyaya qarşı proqramının əsas elementlərindən biri olduğunu yazır.

Orban “müqavimət bəyanatı”nı ilk dəfə iyulun 22-də, prokurorluq və vergi orqanlarının “Fidesz” partiyasının istifadə etdiyi məlumat mərkəzində axtarış aparmasından sonra yayıb. Araşdırma əvvəlki hakimiyyət dövründə Milli Mədəniyyət Fondundan ayrılmış vəsaitlərin mümkün mənimsənilməsi ilə bağlıdır. Fides ittihamları rədd edir və prosesi siyasi təzyiq adlandırır. “Associated Press” istintaq çərçivəsində altı hazırkı və keçmiş məmura qarşı ittiham irəli sürüldüyünü bildirir.

Peter Madyarın “Tisza” Partiyası 2026-cı ilin aprelində keçirilən parlament seçkilərində böyük üstünlüklə qalib gələrək Fidesin 16 illik hakimiyyətinə son qoyub. Madyar may ayında baş nazir vəzifəsinin icrasına başlayıb, partiyası isə parlamentdə konstitusiya dəyişiklikləri üçün zəruri olan üçdəiki çoxluğu əldə edib.

Yeni hökumət fəaliyyətini korrupsiyaya qarşı mübarizə, hüququn aliliyinin bərpası və Orban dövründə yaradılmış siyasi sistemin dəyişdirilməsi ilə əsaslandırır. “Fidesz” isə konstitusiya dəyişikliklərinin, keçmiş məmurların vəzifədən uzaqlaşdırılmasının və aparılan istintaqların müxalifəti zəiflətməyə yönəldiyini iddia edir.