ABŞ Suriya üzərindən İraq mazutu idxalına başladı

İraq mazutu ilə yüklənmiş üç “Aframax” tipli tankerin iyun–iyul aylarında Suriyanın Aralıq dənizi sahilində yerləşən Baniyas limanından ABŞ-nin Meksika körfəzi sahillərinə yola düşdüyünü bildirib.

15

ABŞ ilk dəfə Suriya üzərindən daşınan İraq mənşəli mazutun idxalına başlayıb.

MSNews.az xəbər verir ki, “Reuters” gəmi hərəkəti məlumatlarına və əməliyyatla tanış mənbələrə istinadən İraq mazutu ilə yüklənmiş üç “Aframax” tipli tankerin iyun–iyul aylarında Suriyanın Aralıq dənizi sahilində yerləşən Baniyas limanından ABŞ-nin Meksika körfəzi sahillərinə yola düşdüyünü bildirib.

Məlumata görə, “On Passion” tankeri iyunun 17-də Baniyas limanından təxminən 716,6 min barel mazutla çıxıb. Yükün 487,6 min bareli iyulun ortalarında Baham adalarında boşaldılıb, qalan hissəsinin isə ayın sonunadək Texas ştatına çatdırılması planlaşdırılıb.

“Nissos Christina” tankeri Baniyasda təxminən 288,5 min barel mazut yükləyərək iyulun 8-dək limanı tərk edib. Gəminin avqustun əvvəlində ABŞ-nin Meksika körfəzi sahillərinə çatacağı gözlənilir.

Üçüncü tanker — “Green Warrior” isə iyulun ortaları və sonları arasında təxminən 414,4 min barel mazut yükləyib. Onun ABŞ-yə avqustun üçüncü həftəsində çatması nəzərdə tutulur. Üç tankerin daşıdığı yükün ümumi həcmi təxminən 1 milyon 419 min 500 barel təşkil edir.

Mazut İraqdan avtomobil sisternləri ilə Suriya sərhədindən keçirilərək Baniyas terminalına çatdırılır. Mənbələrin bildirdiyinə görə, bunlar Suriya limanından ABŞ istiqamətində göndərilən ilk mazut partiyalarıdır. Bununla belə, söhbət Suriya deyil, İraq mənşəli yanacaqdan gedir.

Baniyas terminalı yeni ixrac marşrutunun fəaliyyətə başlamasından sonra hər 7–10 gündə bir tanker yükləyir. Terminala gündə təxminən 900 avtomobil sisterninin mazut gətirdiyi bildirilir. İraq yanacağı bu marşrutla ABŞ-dən əvvəl İspaniya və Misir də daxil olmaqla Aralıq dənizi ölkələrinə çatdırılıb.

Yeni marşrut İranla müharibənin Hörmüz boğazında gəmiçiliyi ciddi şəkildə məhdudlaşdırmasından sonra yaradılıb. İraq əvvəllər mazut ixracının əsas hissəsini Körfəzdəki Xor əl-Zübeyr terminalı vasitəsilə həyata keçirirdi. Dəniz daşımalarının zəifləməsi və anbarların dolması Bağdadı Suriya üzərindən alternativ quru marşrutlarına yönəldib.

İraq apreldən iyuna qədər hər ay təxminən 650 min ton mazutun avtomobil sisternləri ilə Suriya üzərindən daşınması üçün müqavilələr bağlayıb. Bağdad və Dəməşq marşrutdan Hörmüz boğazında hərəkət normallaşdıqdan sonra da istifadə etməyi planlaşdırır. Məqsəd İraqın yalnız bir ixrac dəhlizindən asılılığını azaltmaqdır.

Baniyasda xam neft və nafta ixracı üçün də hazırlıq işləri aparılır. Lakin son məlumatlara görə, Suriya üzərindən faktiki ixrac hələlik yalnız İraq mənşəli mazutla məhdudlaşır.