Kevin Kampl artıq bağçılıqla məşğul olur

Karyerasını ailə faciələrindən sonra başa vuran Kevin Kampl Malyorkadakı təsərrüfatında bostan məhsulları yetişdirir və zeytun yağı istehsal edir.

11

“Bayer Leverkuzen”, “Borussiya Dortmund” və “RB Leypsiq”in sabiq futbolçusu Kevin Kampl peşəkar karyerasını başa vurduqdan sonra Malyorkadakı təsərrüfatında bağçılıqla məşğul olmağa başlayıb.

MSNews.az xəbər verir ki, 35 yaşlı sabiq yarımmüdafiəçi ailəsi ilə birlikdə İspaniya adasındakı fermasında yemiş, qarpız, pomidor, soğan və bibər yetişdirir. Kampl burada öz zeytunlarından yağ da istehsal etdiklərini bildirib.

O, “Bild”ə açıqlamasında məhsulların sürətlə yetişdiyini və hazırladıqları zeytun yağının dadından razı qaldığını deyib.

Kampl son bir ili həyatının ən ağır dövrlərindən biri adlandırıb. Sabiq futbolçu yeddi ay ərzində əvvəlcə böyük qardaşını, daha sonra atasını itirib. Onun sözlərinə görə, Malyorkadakı sakit həyat bu faciələri qəbul etməyə və ailəsi ilə birlikdə özünü toparlamağa kömək edir.

Sloveniya millisinin sabiq üzvü 2026-cı ilin yanvarında “RB Leypsiq”lə müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edib və peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb. O, Bundesliqada “Leypsiq”, “Bayer Leverkuzen” və Dortmund “Borussiya”sının heyətində ümumilikdə 270 oyun keçirib.

Kampl hazırda peşəkar fermerdən daha çox ailə təsərrüfatında bağçılıqla məşğul olan həvəskar kimi təqdim olunur. Bununla yanaşı, o, “RB Leypsiq”də baş verənləri izləməyə davam etdiyini və gələcəkdə futbola başqa vəzifədə qayıda biləcəyini istisna etməyib.