Lavrovla Araqçi Qırğızıstanda danışıqlar aparır

Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrovla Abbas Araqçi ŞƏT Xarici İşlər Nazirləri Şurasının Qırğızıstandakı iclası çərçivəsində görüşüblər.

15

Rusiya xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Abbas Araqçi Qırğızıstanın Çolpon-Ata şəhərində danışıqlar aparırlar.

MSNews.az xəbər verir ki, görüş Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirilir. Qırğızıstanın sədrliyi ilə təşkil olunan toplantıda regional təhlükəsizlik, beynəlxalq gündəlik, iqtisadi əməkdaşlıq və təşkilatın qarşıdakı sammitinə hazırlıq məsələləri müzakirə olunur.

Bu barədə Qırğızıstanın “Kabar” agentliyi məlumat yayıb.

İranın xarici işlər naziri Abbas Araqçinin toplantı çərçivəsində iştirakçı ölkələrdən olan həmkarları ilə ayrıca ikitərəfli görüşlər keçirəcəyi əvvəlcədən açıqlanmışdı. İran tərəfinin məlumatına görə, Araqçi danışıqlarda Tehranın əsas regional və beynəlxalq məsələlərə dair mövqeyini təqdim edir.

Lavrov Qırğızıstana Filippindən gəlib. O, bundan əvvəl Manilada ABŞ dövlət katibi Marko Rubio ilə təxminən yarım saat davam edən görüş keçirib. ABŞ Dövlət Departamentinin məlumatına görə, tərəflər Rusiya–ABŞ münasibətlərini və Ukraynadakı müharibənin dayandırılması imkanlarını müzakirə ediblər. Görüş barədə geniş təfərrüatlar açıqlanmayıb.

Lavrov–Araqçi görüşünün konkret gündəliyi barədə hələlik ətraflı rəsmi məlumat verilməyib. Lakin danışıqların İran ətrafındakı hərbi-siyasi vəziyyət, Rusiya–İran münasibətləri və ŞƏT çərçivəsində əməkdaşlıq məsələlərini əhatə etməsi ehtimal olunur.