ABŞ vitse-prezidenti Cey Di Vensin mühafizə qrupunda çalışan Məxfi Xidmət əməkdaşı mediaya məlumat sızdırmaq şübhəsi ilə daxili araşdırmaya cəlb olunub.
MSNews.az xəbər verir ki, “CNN” məsələdən xəbərdar mənbəyə istinadən həmin əməkdaşın artıq inzibati məzuniyyətə göndərildiyini bildirib. İkinci mənbə də rəsmilərin mümkün məlumat mənbəyi hesab etdikləri şəxsi müəyyənləşdirdiklərini deyib.
Araşdırmanı ABŞ Məxfi Xidmətinin daxili işlər bölməsi aparır. Hələlik yoxlamanın intizam cəzası, işdən çıxarılma və ya cinayət ittihamı ilə nəticələnib-nəticələnməyəcəyi məlum deyil. Şübhəli əməkdaşın adı açıqlanmayıb.
Əməkdaşın “MS NOW” nəşrinin Vensin şəxsi və ailə səfərlərinin onun mühafizə qrupuna yaratdığı əlavə yük barədə materialında anonim mənbələrdən biri olduğu ehtimal edilir. Yazıda mühafizəçilərin son anda dəyişdirilən marşrutlar, istirahət günlərinin ləğvi və əvvəlcədən planlaşdırılmamış səfərlərdən narazı qaldıqları bildirilirdi.
Materialda Vensin oğlu ilə birlikdə ABŞ Dəniz Piyadaları Korpusuna məxsus helikopterlə qolf dərsinə getməsi üçün planlaşdırılan uçuşdan da bəhs olunub. “Marine Two” helikopterinin istifadəsini nəzərdə tutan səfər əlverişsiz hava şəraiti səbəbindən baş tutmayıb. Vensin ofisi isə marşrutun təhlükəsiz əraziyə istiqamətləndiyini və ailənin xüsusi rəftar tələb etmədiyini bildirib.
“CNN”in məlumatına görə, əməliyyat xarakterli səfər detallarının mediada dərc edilməsi Məxfi Xidmət, Federal Təhqiqatlar Bürosu və Ağ Ev rəsmilərinin narazılığına səbəb olub. Onların əsas narahatlığı bu cür məlumatların qorunan şəxslərin təhlükəsizliyinə risk yarada bilməsidir.
Hadisə yanvar ayında Vensin mühafizə qrupunun başqa bir əməkdaşı ilə bağlı aparılmış araşdırmadan ayrıdır. Həmin vaxt bir agentin gizli çəkiliş zamanı səfər və mühafizə prosedurları barədə həssas məlumatlar paylaşdığı iddia edilmişdi.