Rubio İranı hədələdi, BCM və Kuba rəhbərliyini sərt tənqid etdi

ABŞ Dövlət katibi Marko Rubio Manilada İran, Kuba, Beynəlxalq Cinayət Məhkəməsi və Səudiyyə Ərəbistanı ilə nüvə əməkdaşlığı barədə sərt açıqlamalar verib.

14

ABŞ Dövlət katibi Marko Rubio Filippinin paytaxtı Manilada keçirilən ASEAN toplantıları çərçivəsində İran, Kuba, Beynəlxalq Cinayət Məhkəməsi və Səudiyyə Ərəbistanı ilə nüvə əməkdaşlığı barədə açıqlamalar verib.

MSNews.az xəbər verir ki, Rubio jurnalistlərlə söhbətində Vaşinqtonun dinc nüvə proqramı yaratmaq istəyən ölkələrin bunu ABŞ ilə əməkdaşlıq şəraitində həyata keçirməsinə üstünlük verdiyini bildirib. O, Səudiyyə Ərəbistanını ABŞ-ın mühüm strateji tərəfdaşı adlandıraraq Riyadla nüvə sazişinin bağlanmasını məntiqli hesab etdiyini deyib.

ABŞ və Səudiyyə Ərəbistanı iyulun 22-də dinc nüvə əməkdaşlığına dair “123 sazişi” imzalayıblar. ABŞ Energetika Nazirliyi razılaşmanın Amerika şirkətlərinə Səudiyyə Ərəbistanının nüvə enerjisi bazarına çıxış verəcəyini, eyni zamanda təhlükəsizlik və nüvə silahlarının yayılmaması standartlarını qoruyacağını açıqlayıb.

Rubio ABŞ-ın digər ölkələrlə bağlayacağı nüvə sazişlərində mülki proqramların hərbi məqsədlərə yönəldilməsinin qarşısını alan təminatların olacağını vurğulayıb. Bununla belə, “Reuters”“Associated Press” sənədin uranın zənginləşdirilməsini tam qadağan edən “qızıl standart” müddəalarını və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin daha sərt yoxlamalarını nəzərdə tutan Əlavə Protokolu ehtiva etmədiyini yazıb. Bu səbəbdən saziş bəzi qanunvericilər və nüvə silahlarının yayılmaması üzrə ekspertlər arasında narahatlıq doğurub.

ABŞ Dövlət katibi Kuba rəhbərliyini də sərt tənqid edib. Onun sözlərinə görə, Havana ölkə iqtisadiyyatını qismən yaxşılaşdırmaq istəyir, lakin genişmiqyaslı islahatların siyasi hakimiyyətin itirilməsi ilə nəticələnəcəyindən qorxur.

Rubio Kuba rəhbərlərinin iqtisadi və siyasi vəziyyətdən çıxış yolunu anlamadıqlarını iddia edib. Kuba hakimiyyəti isə ölkədəki iqtisadi böhranın əsas səbəblərindən biri kimi ABŞ sanksiyalarını və enerji blokadasını göstərir. Vaşinqton son dövrdə Havana üzərində siyasi və iqtisadi təzyiqi daha da artırıb.

Rubio Beynəlxalq Cinayət Məhkəməsini də kəskin ifadələrlə hədəfə alıb. O, ABŞ-ın Roma Statutuna tərəf olmadığını xatırladaraq məhkəmənin amerikalılar üzərində yurisdiksiya tətbiq etməsinə icazə verilməyəcəyini bildirib.

“İnsanlar bu müqaviləni imzalayıb həmin axmaq təşkilatın bir hissəsi olmaq istəyirlərsə, ola bilərlər. Biz isə onun üzvü olmayacağıq və onlar öz yurisdiksiyalarını amerikalılara şamil etməyəcəklər”, – Rubio deyib.

ABŞ Dövlət katibi BCM-də amerikalı hərbçilərə, dövlət rəsmilərinə və hətta prezidentlərə qarşı işlərin qaldırılması ehtimalından danışıldığını bildirərək Vaşinqtonun buna dözməyəcəyini söyləyib. Rubio daha əvvəl məhkəməni “sistemli şəkildə sıradan çıxarmaq” məqsədi daşıyan yeni kampaniya elan etmişdi. ABŞ BCM-nin üzvü deyil, lakin məhkəmə Roma Statutuna tərəf olan ölkələrin ərazisində törədildiyi iddia edilən cinayətlər üzrə müəyyən hallarda başqa dövlətlərin vətəndaşlarını da araşdıra bilər.

Rubionun ən sərt açıqlamaları isə İranla bağlı olub. O, İranın xarici işlər naziri Abbas Araqçinin “gözə-göz” prinsipindən danışmasına cavab olaraq ABŞ Prezidenti Donald Trampın siyasətini “gözə görə baş” ifadəsi ilə xarakterizə edib.

Rubio İranın mümkün razılaşma üçün Vaşinqtonla əlaqə saxladığını, lakin əldə olunan anlaşmaları pozduğunu və sonradan şərtləri dəyişdirməyə çalışdığını iddia edib. O, Tehranın hələ sazişə hazır olmadığını, lakin davam edən hərbi və iqtisadi təzyiq nəticəsində mövqeyini dəyişəcəyini söyləyib.

ABŞ Dövlət katibi İranın yayımladığı “Lego üslublu” təbliğat videolarını da məsxərəyə qoyaraq ölkənin ciddi problemlərlə üzləşdiyini bildirib. “Reuters” Rubionun Vaşinqtonun danışıqlara açıq qaldığını, lakin İranın müzakirələrə ciddi yanaşmadığını söylədiyini yazıb.

Rubionun açıqlamaları ABŞ-ın İrana qarşı hava əməliyyatlarını davam etdirdiyi, Hörmüz boğazında gərginliyin artdığı və Səudiyyə Ərəbistanı ilə mübahisəli nüvə sazişinin Konqresə təqdim olunduğu bir dövrə təsadüf edib.