Yunanıstanın Xarici İşlər və Müdafiə üzrə Hökumət Şurasının — KYSEA-nın İsrail istehsalı hava və raket hücumundan müdafiə sistemlərinin alınmasını nəzərdə tutan təxminən 3 milyard avroluq paketi təsdiqləyəcəyi gözlənilir.
MSNews.az xəbər verir ki, “GreekReporter” layihənin Yunanıstanın planlaşdırdığı çoxsəviyyəli “Axilles qalxanı” müdafiə şəbəkəsinin əsasını təşkil edəcəyini yazıb. Paketə “Rafael” şirkətinin “SPYDER All-in-One” və “David’s Sling”, həmçinin “Israel Aerospace Industries” şirkətinin “Barak MX” sistemlərinin daxil edilməsi nəzərdə tutulur.
“Kathimerini” məlumat verir ki, Yunanıstanın ali milli təhlükəsizlik orqanının layihəyə iyulun 23-də baxması planlaşdırılır.
Yeni şəbəkənin müxtəlif uçuş yüksəklikləri və məsafələrində fəaliyyət göstərən təyyarələrə, pilotsuz uçuş aparatlarına, qanadlı və ballistik raketlərə qarşı mübarizə aparması nəzərdə tutulur. Sistemin ayrı-ayrı komponentləri vahid komanda-idarəetmə və məlumat mübadiləsi şəbəkəsinə birləşdiriləcək.
Layihənin Yunanıstanın “Patriot” batareyaları, “F-16 Viper” və gələcək “F-35” qırıcıları, radar sistemləri və hərbi dəniz platformaları ilə əlaqələndirilməsi planlaşdırılır. Məqsəd qurudan, havadan və dənizdən əldə edilən məlumatların bir mərkəzdə emal olunması və təhlükələrə uyğun müdafiə vasitəsinin seçilməsidir.
Yunanıstan parlamentinin müdafiə komitəsi mart ayında “Axilles qalxanı” üçün 3 milyard avroluq maliyyələşməni, həmçinin 38 ədəd “F-16 Block 50” təyyarəsinin “Viper” səviyyəsinə yüksəldilməsi üçün təxminən 1 milyard avroluq proqramı təsdiqləmişdi. Həmin qərarların qüvvəyə minməsi üçün KYSEA-nın yekun razılığı tələb olunur.
Proqram Yunanıstanın 2036-cı ilədək silahlı qüvvələrini yeniləmək üçün planlaşdırdığı təxminən 28 milyard avroluq modernləşdirmə strategiyasının bir hissəsidir. Afina eyni zamanda köhnəlmiş Rusiya istehsalı “S-300”, “TOR-M1” və “OSA” sistemlərini mərhələli şəkildə əvəz etməyi planlaşdırır.
Yunanıstan və İsrail son illərdə müdafiə əməkdaşlığını genişləndirib. Tərəflər birgə hərbi təlimlər keçirir, Yunanıstanda İsrail şirkətinin iştirakı ilə aviasiya təlim mərkəzi fəaliyyət göstərir və pilotsuz sistemlərə qarşı müdafiə ilə kibertəhlükəsizlik sahələrində əməkdaşlıq edilir.