İran ABŞ-ni sanksiyalardan “asılılıqda” ittiham edib

İran XİN-in sözçüsü İsmayıl Bəqai ABŞ-nin İrana qarşı sanksiya siyasətini tənqid edərək Vaşinqtonu iqtisadi məhdudiyyətlərdən “asılılıqda” ittiham edib.

56

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-nin Tehrana qarşı sanksiya siyasətini sərt tənqid edərək Vaşinqtonu iqtisadi məhdudiyyətlərdən “asılılıqda” ittiham edib.

MSNews.az xəbər verir ki, Bəqai ABŞ maliyyə naziri Skott Bessentin Vaşinqtonun iqtisadi təzyiqlə İranı “boğduğu” barədə açıqlamasına cavab verib. “The Times of India” yazır ki, iranlı diplomat ABŞ-nin diplomatiya nəticə vermədikdə sanksiyalara üz tutduğunu, məhdudiyyətlər gözlənilən nəticəni vermədikdə isə onların miqyasını daha da artırdığını bildirib.

“Bu artıq siyasət deyil, vərdişdir. Daha təhlükəlisi isə düşünmək qabiliyyətini sıxışdırıb çıxaran bir asılılıqdır”, – Bəqai qeyd edib. O, İranın onilliklər ərzində sanksiyalar vasitəsilə təslim edilə bilməyəcəyini göstərdiyini və Vaşinqtonun bu siyasəti davam etdirməklə mövcud böhrandan diplomatik çıxış imkanlarını məhdudlaşdıra biləcəyini bildirib.

Açıqlama ABŞ-nin İrana qarşı iqtisadi təzyiqi yenidən gücləndirdiyi vaxta təsadüf edir. Avqustun 7-də ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli kriptovalyuta və gizli maliyyə şəbəkələrinə qarşı yeni sanksiyalar tətbiq edib. “Reuters” yazır ki, tədbirlər Dubayda fəaliyyət göstərən “Shelbit” kriptovalyuta platformasını, onun iranlı təsisçisini və digər maliyyə strukturlarını əhatə edib. ABŞ tərəfi həmin şəbəkələri SEPAH və sanksiyaya məruz qalmış İran qurumları üçün maliyyə əməliyyatları həyata keçirməkdə ittiham edir.

Bessent yeni tədbirlərlə bağlı Vaşinqtonun İranın sanksiyalardan yayınmasına yardım edən maliyyə şəbəkələrini izləməyə və sıradan çıxarmağa davam edəcəyini bildirib. ABŞ maliyyə naziri daha əvvəl də “iqtisadi blokada”nın İran rəhbərliyinə ciddi təzyiq göstərdiyini və Vaşinqtonun bu siyasəti genişləndirəcəyini söyləmişdi.

Tehran isə ABŞ sanksiyalarını qeyri-qanuni iqtisadi təzyiq vasitəsi kimi qiymətləndirir və onların aradan qaldırılmasını Vaşinqtonla münasibətlərdə əsas məsələlərdən biri hesab edir. Bəqainin son açıqlaması da iki ölkə arasında sanksiyalar və mümkün diplomatik danışıqlar ətrafında gərginliyin davam etdiyini göstərir.