Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Federal Kansleri Fridrix Merts iyulun 21-də Berlində keçirilən görüşdən sonra mətbuata bəyanatlarla çıxış edib və jurnalistlərin suallarını cavablandırıblar.
MSNews.az xəbər verir ki, görüşün yekununda Azərbaycan və Almaniya arasında ikitərəfli tərəfdaşlıq üzrə Strateji Gündəliyə dair Birgə Bəyannamə imzalanıb. Tərəflər, həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması barədə razılığa gəliblər. Almaniya hökuməti sənədin iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyini bildirib.
Fridrix Merts bəyanatında Almaniyanın Azərbaycanla enerji, nəqliyyat, bərpaolunan enerji və hidrogen sahələrində əməkdaşlığı artırmaq niyyətində olduğunu deyib. Kansler Azərbaycanın neft və təbii qaz təchizatının Almaniyanın enerji mənbələrinin şaxələndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Prezident İlham Əliyev isə bu ildən etibarən Azərbaycan təbii qazının Almaniyaya ixracına başlanıldığını bildirib. Dövlət başçısının sözlərinə görə, Almaniya şirkətləri ilə 10 illik müqavilə imzalanıb və ilkin illik təchizat həcmi 1,5 milyard kubmetr təşkil edir.
İlham Əliyev qaz ixracının artırılması üçün TANAP və TAP kəmərlərinin ötürücülük imkanlarının genişləndirilməsinə, Avropada yeni interkonnektorların yaradılmasına və əlavə maliyyələşməyə ehtiyac olduğunu qeyd edib. O, Avropa maliyyə institutlarını neft-qaz infrastrukturuna maliyyə ayrılması ilə bağlı mövqelərinə yenidən baxmağa çağırıb.
Danışıqlarda Orta Dəhlizin inkişafı və Azərbaycanın Asiya ilə Avropa arasında tranzit körpüsü kimi rolu da müzakirə olunub. Tərəflər nəqliyyat infrastrukturu, logistika və alman şirkətlərinin Azərbaycandakı investisiya imkanları üzrə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.
Fridrix Merts Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını tarixi addım adlandıraraq Almaniyanın və Avropa İttifaqının Cənubi Qafqazda davamlı sülhün təmin edilməsinə dəstək verməyə hazır olduğunu deyib. İlham Əliyev isə Almaniyanın sülh prosesinə verdiyi töhfəni yüksək qiymətləndirib.
Mətbuat konfransında Ukraynadakı müharibə və Bakıda keçirildiyi bildirilən qeyri-rəsmi Almaniya-Rusiya görüşləri barədə də suallar səsləndirilib. İlham Əliyev Azərbaycan sərhəd xidmətinin məlumatlarının almaniyalı Ronald Pofalla və Matias Platsekin, eləcə də rusiyalı Viktor Zubkov və Valeri Fadeyevin eyni tarixlərdə Bakıda olduğunu təsdiqlədiyini bildirib.
Prezident qeyd edib ki, Azərbaycan tərəfinə mümkün görüş barədə əvvəlcədən məlumat verilməyib. Fridrix Merts isə belə bir görüşdən xəbərinin olmadığını deyib. “Reuters” də tərəflərin iyulun 12-dən 14-dək Bakıda olmasını və Azərbaycan rəhbərliyinin görüş barədə əvvəlcədən məlumatlandırılmadığını yazıb.
İlham Əliyev Ukrayna müharibəsinin dərhal dayandırılmasının və bölgədə sülhün təmin edilməsinin vacibliyini vurğulayıb. Merts isə Rusiyanı danışıqlara başlamağa çağıraraq, müharibə davam etdiyi müddətdə Almaniyanın Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.
Azərbaycan Prezidenti çıxışının sonunda Fridrix Mertsi münasib vaxtda Azərbaycana rəsmi səfərə dəvət edib.







