Məşhur şahmatçı prezident olmaqdan imtina etdi

Dünya şahmatının əfsanəsi Yudit Polqar Macarıstanın baş naziri Peter Madyarın prezidentliyə namizəd olmaq təklifini qəbul etməyib.

21

Dünya şahmatının ən məşhur simalarından biri Yudit Polqar Macarıstan prezidenti vəzifəsinə namizəd olmaq təklifini qəbul etməyib.

MSNews.az xəbər verir ki, Macarıstanın baş naziri Peter Madyar bazar günü Polqara ölkənin növbəti prezidenti olmağı təklif etmişdi. Baş nazir şahmatçının siyasi düşərgələrdən kənarda dayanan nüfuzlu şəxs kimi parçalanmış cəmiyyətin birləşdirilməsinə töhfə verə biləcəyini bildirmişdi.

Hakim “Tisza” Partiyası da Polqarın namizədliyini dəstəkləmişdi. Macarıstanda prezident əsasən təmsilçilik funksiyalarını yerinə yetirir və parlament tərəfindən seçilir.

Lakin 49 yaşlı şahmatçı bazar ertəsi sosial şəbəkədə yaydığı açıqlamada təklifə görə minnətdarlığını bildirib və namizədliyi qəbul etməyəcəyini açıqlayıb.

Polqar qeyd edib ki, bölünmüş xalqı birləşdirmək kimi “tarixi məsuliyyəti” üzərinə götürmək üçün özünü yetərincə güclü hesab etmir. O, bununla belə, gələcək prezidentə imkanları daxilində dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

Yeni prezident seçilənədək dövlət başçısı vəzifəsini parlamentin sədri müvəqqəti icra edəcək.

Yudit Polqar bütün dövrlərin ən güclü qadın şahmatçısı hesab olunur. O, kişilər və qadınların birlikdə yer aldığı dünya reytinqində ilk onluğa daxil olmuş yeganə qadındır və karyerası ərzində səkkizinci pilləyədək yüksəlib.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Xəbər lenti