“Hizbullah”dan atəşkəs mesajı: “Bu, birtərəfli yox, qarşılıqlı olmalıdır”

“Hizbullah” lideri Naim Qasim bildirib ki, İsraillə atəşkəs yalnız qarşılıqlı şəkildə mümkündür və bütün hərbi əməliyyatların tam dayandırılmasını nəzərdə tutur. 

13

“Hizbullah”ın rəhbəri Naim Qasim bildirib ki, İsraillə atəşkəs yalnız qarşılıqlı qaydada mümkündür və birtərəfli formada tətbiq oluna bilməz. O, televiziya çıxışında vurğulayıb ki, atəşkəs “bütün hərbi əməliyyatların tam dayandırılması” deməkdir və yalnız bir tərəfin susması ilə məhdudlaşa bilməz.

MSNews.az xəbəri “L’Orient Today” nəşrinə istinadən verir.

Qasim əlavə edib ki, “Hizbullah” döyüşçüləri ərazidə qalacaq və mümkün pozuntulara uyğun şəkildə cavab verəcək. Onun sözlərinə görə, qrup İsrail hücumlarını gözləyib passiv davranmayacaq. Bu mövqe təşkilatın son həftələrdə səsləndirdiyi daha sərt xəttin davamı kimi qiymətləndirilir.

“Reuters”-in daha əvvəl yaydığı məlumatda da qeyd olunurdu ki, ABŞ vasitəçiliyi ilə əldə olunmuş 10 günlük İsrail-Livan atəşkəsi qarşılıqlı razılıq əsasında uzadıla bilər və razılaşma çərçivəsində həm hücumların dayandırılması, həm də sonrakı danışıqlar nəzərdə tutulur. Qasimin son açıqlaması isə göstərir ki, “Hizbullah” bu prosesi yalnız qarşı tərəfin də eyni öhdəliklərə əməl etməsi halında qəbul edir.