İlham Əliyev Berlində Mixael Harmsla iqtisadi əməkdaşlığı müzakirə edib

Prezident İlham Əliyev Berlində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsla görüşüb. Energetika, Orta Dəhliz, logistika, ağıllı kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlıq müzakirə olunub.

27

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də Berlində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsla görüşüb.

MSNews.az xəbər verir ki, görüşdə Azərbaycan və Almaniya iş adamlarının, eləcə də şirkətlərinin birgə layihələrə marağının artdığı vurğulanıb. Tərəflər biznes dairələri arasında əməkdaşlığın daha sistemli və institusional formada qurulması imkanlarını müzakirə ediblər.

Danışıqlar zamanı ənənəvi və alternativ energetika sahələrində mövcud potensial ətrafında fikir mübadiləsi aparılıb. Orta Dəhliz də daxil olmaqla nəqliyyat, logistika və regional bağlantı layihələrinin Azərbaycan–Almaniya iqtisadi əlaqələrinin genişləndirilməsindəki rolu qeyd olunub.

Görüşdə Azərbaycanda kənd təsərrüfatının inkişafına dair dövlət proqramının qəbul edildiyi xatırladılıb. Almaniyanın qabaqcıl texnologiyalarının ölkənin aqrar sektorunda tətbiqi, xüsusilə “ağıllı kənd təsərrüfatı” istiqamətində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Tərəflər Azərbaycanın turizm potensialından daha səmərəli istifadə olunması, alman şirkətlərinin ölkədəki layihələrdə iştirakının artırılması və qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Prezident İlham Əliyev Almaniyaya rəsmi səfər çərçivəsində iyulun 20-də Berlinə gəlib. Dövlət başçısı Brandenburq “Willy Brandt” hava limanında rəsmi şəxslər tərəfindən qarşılanıb.

Azərbaycan Prezidenti ilə Mixael Harms arasında əvvəlki görüşlərdə də Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi, bərpaolunan enerji, nəqliyyat, logistika və sənaye sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.