“Qarabağ” və “Sabah”ın Avropa Liqasındakı potensial rəqibləri bəlli oldu

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. “Qarabağ” mərhələni keçərsə, “Şerif”–“Makkabi” cütünün qalibi ilə, “Sabah”–KuPS duelinin məğlubu isə “Levski”–“Universitatea Krayova” cütünün məğlubu ilə qarşılaşacaq.

26

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib və Azərbaycan klublarının potensial rəqibləri müəyyənləşib.

MSNews.az xəbər verir ki, “Qarabağ” II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA klubunu mübarizədən kənarlaşdıracağı halda növbəti raundda “Şerif”–“Makkabi” (Tel-Əviv) cütünün qalibi ilə qarşılaşacaq. “Qarabağ”–ÇSKA və “Şerif”–“Makkabi” duelləri Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək.

Ağdam təmsilçisinin daxil olduğu cüt yüksək UEFA reytinqinə görə püşkdə səpələnmişlər səbətində yer alıb. “Qarabağ” mərhələni adlayacağı təqdirdə III təsnifat mərhələsinin ilk oyununu səfərdə, cavab qarşılaşmasını isə evdə keçirəcək.

Çempionlar Liqasının II təsnifat mərhələsində üz-üzə gələcək “Sabah”–KuPS cütünün məğlubunun da Avropa Liqasındakı potensial rəqibi bəlli olub. Bakı təmsilçisi Finlandiya klubuna uduzacağı halda Avropa Liqasının III təsnifat mərhələsində “Levski”–“Universitatea Krayova” cütünün məğlubu ilə qarşılaşacaq. Bu cütün ilk oyunu “Sabah”–KuPS duelinin məğlubunun meydanında keçiriləcək.

“Sabah” və KuPS Çempionlar Liqasının II təsnifat mərhələsində iyulun 21-də Bakıda, iyulun 29-da isə Finlandiyada qarşılaşacaqlar. UEFA qaydalarına görə, bu mərhələdə məğlub olan komandalar mübarizəni Avropa Liqasının III təsnifat mərhələsində davam etdirirlər.

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları avqustun 6-da, cavab qarşılaşmaları isə avqustun 13-də keçiriləcək. Bu mərhələnin qalibləri turnirin pley-off raunduna yüksələcəklər.