Araqçi: “Türkiyə İranın parçalanması planının qarşısını almağa kömək edib”

İranın xarici işlər naziri Abbas Araqçi ABŞ və İsrailin kürd qüvvələrindən istifadə etməklə İranı parçalamaq planı hazırladığını iddia edib. Nazir Türkiyənin prosesdə sərt mövqe tutduğunu bildirib.

25

İranın xarici işlər naziri Abbas Araqçi ABŞ və İsrailin İraq Kürdüstanındakı qüvvələrdən istifadə etməklə İran daxilində qarışıqlıq yaratmaq və ölkəni parçalamaq planı hazırladığını iddia edib.

MSNews.az xəbər verir ki, Araqçi İran televiziyasının “Müharibənin hekayəsi” proqramına müsahibəsində müharibənin ilk günlərində ABŞ Prezidenti Donald Trampın İraq Kürdüstanının nüfuzlu siyasi liderləri ilə telefon danışığı apardığını bildirib. Nazir həmin gün Masud Bərzani, Bafel Talabani, Türkiyənin xarici işlər naziri Hakan Fidan və İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani ilə əlaqə saxladığını deyib.

“Asr Iran”“T24” Əraqçinin açıqlamalarını yayıb.

Araqçinin sözlərinə görə, o, İraq Kürdüstanı ərazisindən İrana qarşı hər hansı təhlükə yaranacağı halda Tehranın cavab verəcəyi barədə regional liderlərə xəbərdarlıq edib:

“Başqa bir münaqişə ilə məşğul olduğumuzu düşünüb yanılmayın. Kürdüstan bölgəsindən ən kiçik təhlükə gəlsə, cavab verəcəyik”.

Nazir Türkiyənin həm ABŞ rəsmiləri, həm də İraqın kürd rəhbərliyi ilə danışıqlar apardığını bildirərək Ankaranın “çox təsirli rol oynadığını” və möhkəm mövqe nümayiş etdirdiyini vurğulayıb. Araqçinin fikrincə, Türkiyə, İraq hökuməti və Kürdüstan rəhbərliyinin birgə mövqeyi İranın qərb sərhədində yeni cəbhənin açılmasının qarşısını alıb.

Araqçi müsahibəsində İran müxalifətinin xaricdə yaşayan nümayəndəsi Rza Pəhləvini də hədəfə alıb. Nazir Pəhləvinin İsrailə səfəri zamanı İranın parçalanmasına razılıq verdiyini və yalnız ölkənin mərkəzi hissəsində hakimiyyət qurmaq istədiyini iddia edib. O, Pəhləvini istehzalı şəkildə “kiçik quş” adlandırıb.