İsrail hökuməti ABŞ-da ölkəyə dəstəyin azalması fonunda ictimai rəyə təsir göstərmək və imicini yaxşılaşdırmaq üçün azı 50 milyon dollar dəyərində genişmiqyaslı kommunikasiya kampaniyasına başlayıb.
MSNews.az xəbər verir ki, “The Wall Street Journal” İsrail hökumətinin ABŞ-da fəaliyyət göstərən azı altı şirkətlə müqavilə bağladığını yazıb. Kampaniyalar sosial şəbəkələr, mühafizəkar media, dini icmalar, reklam platformaları və süni intellekt vasitələri üzərindən aparılır. ABŞ-da İsrail adından fəaliyyət göstərmək üçün qeydiyyatdan keçən şəxslərin sayı isə son dövrdə üçdən çox artaraq azı 36 nəfərə çatıb.
Nəşrin məlumatına görə, İsrailin 2026-cı ildə dünya üzrə imicinin və beynəlxalq mövqeyinin yaxşılaşdırılmasına ayırdığı ümumi büdcə 700 milyon dolları ötür. İsrail mediası bu məbləğin təxminən 730 milyon dollar olduğunu və əvvəlki illərlə müqayisədə rekord səviyyəyə çatdığını bildirir. Bu vəsaitin hamısı ABŞ-dakı kampaniyaya deyil, İsrailin ümumi beynəlxalq ictimai diplomatiya fəaliyyətinə ayrılıb.
Kampaniyanın əsas iştirakçılarından biri ABŞ Prezidenti Donald Trampın 2020-ci il seçki qərargahının keçmiş rəhbəri və rəqəmsal strategiya mütəxəssisi Bred Parskeyldir. “TIME” jurnalının araşdırmasına görə, Parskeylin “Clock Tower X” şirkəti İsrail hökuməti adından hər ay 100 orijinal material hazırlamalı, onların ən azı 80 faizini “TikTok”, “Instagram”, “YouTube” və podkastlarda gənc auditoriyaya yönəltməlidir.

ABŞ Ədliyyə Nazirliyinin Xarici Agentlərin Qeydiyyatı Aktı üzrə sənədlərində “Clock Tower X” şirkətinin İsrail adından strateji kommunikasiya, rəqəmsal kontent və media xidmətləri göstərmək üçün qeydiyyatdan keçdiyi təsdiqlənir. Müqavilənin rəsmi məqsədi ABŞ-də antisemitizmlə mübarizə kampaniyasının həyata keçirilməsi kimi göstərilib.
“TIME”ın məlumatına görə, Parskeylin şirkəti ayda azı 50 milyon rəqəmsal baxış əldə etməyi, həmçinin internetdə yerləşdirilən materiallar vasitəsilə “ChatGPT”, “Claude” və “Gemini” kimi süni intellekt sistemlərinin İsrail və müharibə haqqında təqdim etdiyi məlumatlara təsir göstərməyi planlaşdırıb. İsrail bu xidmətlər üçün “Clock Tower X” şirkətinə ayda 1,5 milyon dollar ödəməyə razılaşıb.
“The Wall Street Journal” Parskeyllə əlaqəli daha geniş media və kommunikasiya müqavilələrinin ümumi dəyərinin 45 milyon dolları keçdiyini bildirib. Parskeyl və “Salem Media” nümayəndələri isə aparıcı və şərhçilərə İsrail haqqında konkret mövqelər səsləndirmələri üçün ödəniş edilmədiyini, vəsaitin reklam və yayım xidmətlərinə yönəldildiyini deyiblər.
Kampaniya Qəzzadakı müharibə, İsrailin hərəkətləri ilə bağlı soyqırımı ittihamları və İranla qarşıdurma fonunda ABŞ ictimaiyyətində İsrailə münasibətin pisləşdiyi bir dövrdə həyata keçirilir. İsrail soyqırımı ittihamlarını rədd edir. “Pew Research Center” araşdırması amerikalıların İsrail hökumətinə və İsrail vətəndaşlarına münasibətinin əvvəlki illərlə müqayisədə daha mənfi olduğunu göstərib.
“AP-NORC” sorğusuna əsasən, ABŞ əhalisinin 31 faizi İsrailin Qəzzadakı hərbi əməliyyatlarını soyqırımı hesab edir, təxminən yarısı isə buna qiymət vermək üçün kifayət qədər məlumatının olmadığını bildirir. Bu nəticələr xüsusilə demokratlar və gənc amerikalılar arasında İsrailə dəstəyin zəiflədiyini göstərir.
Bununla belə, kampaniyanın effektivliyi mübahisəlidir. İsrail mediasında adı açıqlanmayan rəsmilərə istinadən yayılan məlumatlarda böyük məbləğlərin xərclənməsinə baxmayaraq, ABŞ-da İsrailə münasibətin yaxşılaşmadığı və bəzi göstəricilər üzrə daha da pisləşdiyi bildirilir.