Araqçi: “Xameneiyə hücum təhlükəsizlik boşluğu ilə mümkün olub”

İranın xarici işlər naziri Abbas Araqçi keçmiş ali rəhbər Əli Xameneinin öldürüldüyü hücumun təhlükəsizlik sistemindəki informasiya boşluğu sayəsində həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, Hörmüz boğazının bağlanması əvvəlcədən hazırlanmış cavab planının bir hissəsi olub.

27

İranın xarici işlər naziri Abbas Araqçi keçmiş ali rəhbər Əli Xameneinin öldürüldüyü hücumun ölkənin təhlükəsizlik sistemindəki informasiya boşluğu nəticəsində mümkün olduğunu bildirib.

MSNews.az xəbər verir ki, Araqçi farsdilli mediaya müsahibəsində düşmənin eyni vaxtda keçirilən yüksək səviyyəli toplantılardan xəbərdar olduğunu və zərbə vaxtını məhz, buna uyğun seçdiyini deyib. Onun sözlərinə görə, həmin informasiya boşluğu tam aradan qaldırılmamış ola bilər və təhlükəsizlik xidmətləri məsələni araşdırır.

Bu barədə “Euronews Persian” məlumat yayıb.

Araqçi bildirib ki, hücum zamanı Əli Xamenei öz kabinetində olub, yaxınlıqdakı binalarda isə bir neçə yüksək səviyyəli toplantı keçirilib. Nazir düşmənin həm liderin yerini, həm də digər rəsmilərin görüşlərini müəyyənləşdirməsini təhlükəsizlik və kəşfiyyat sistemində boşluğun göstəricisi adlandırıb.

ABŞ və İsrailin fevralın 28-də İrana endirdiyi genişmiqyaslı zərbələr nəticəsində Əli Xamenei və bir sıra yüksək rütbəli hərbi rəsmilər öldürülüb. İran dövlət mediası Xameneinin ölümünü ertəsi gün təsdiqləyib. “Reuters” hücum zamanı kəşfiyyat və izləmə sistemlərindən istifadə edilərək İran rəhbərliyinin yerinin müəyyənləşdirildiyini yazıb.

Araqçi müsahibəsində İran rəhbərliyinin müharibədən əvvəl müxtəlif ssenarilər üzrə hazırlıq apardığını da söyləyib. Onun sözlərinə görə, ali rəhbərin hədəfə alınacağı halda Hörmüz boğazının dərhal bağlanması əvvəlcədən hazırlanmış cavab planına daxil edilib.

“Boğaz niyə ilk gündən bağlandı? Çünki rəhbərlik hədəfə alınarsa, onun dərhal bağlanması əvvəlcədən planlaşdırılmışdı”, – Araqçi bildirib.

Bu barədə “Iran Newspaper Network” məlumat yayıb.