Malinin şimalındakı Qao bölgəsində Mali ordusu və onun rusiyalı tərəfdaşlarının daxil olduğu hərbi karvan silahlı qrupların pusqusuna düşüb. Hücum edən qüvvələr ölən və əsir götürülən çoxsaylı hərbçinin olduğunu bildiriblər.
MSNews.az xəbər verir ki, hadisə iyulun 18-də karvanın Anefis şəhərindən Qao istiqamətində hərəkət etdiyi zaman, Tabankort yaxınlığında baş verib. Mali ordusu hərbçilər və onların “tərəfdaşlarından” ibarət karvanın hücuma məruz qaldığını təsdiqləyib. “Associated Press” yazır ki, “tərəfdaşlar” ifadəsi Rusiyanın “Afrika Korpusu” qüvvələrini nəzərdə tutur.
“Əl-Qaidə”nin Qərbi Afrika qolu hesab edilən JNIM və tuareqlərin rəhbərlik etdiyi Azavad Azadlıq Cəbhəsi — FLA hücumun birgə əməliyyat olduğunu ayrı-ayrılıqda açıqlayıblar. Qruplaşmalar Mali ordusuna “böyük canlı qüvvə itkisi” və “ciddi maddi zərər” vurulduğunu iddia ediblər.
FLA nümayəndəsi Məhəmməd Elmaulud Ramadanenin sözlərinə görə, bir çox hərbçi öldürülüb, digərləri sağ ələ keçirilib. O, zirehli texnika da daxil olmaqla bəzi hərbi avtomobillərin məhv edildiyini, bir hissəsinin isə saz vəziyyətdə ələ keçirildiyini bildirib. Bu rəqəmlər və iddialar Mali hakimiyyəti tərəfindən təsdiqlənməyib.
Silahlı qrupların yaydığı görüntülərdə hərbçilərin təslim olması, əsirlərin avtomobillərlə aparılması və bəzi şəxslərə atəş açılması əks olunur. Lakin “Associated Press” videoların həqiqiliyini müstəqil şəkildə yoxlaya bilmədiyini qeyd edib.
Mali ordusu öz itkilərinin sayını açıqlamayıb. Hərbi rəhbərlik hücumdan sonra havadan və qurudan əks-əməliyyat keçirildiyini, üç silahlı mövqenin vurulduğunu və bir neçə döyüşçünün zərərsizləşdirildiyini bildirib. Rəsmi açıqlamaya görə, bu əməliyyat karvanın pusqudan çıxaraq marşrutunu davam etdirməsinə imkan verib.
Anefis bölgəsi iyulun əvvəlindən Mali ordusu və “Afrika Korpusu” ilə FLA–JNIM qüvvələri arasında şiddətli döyüşlərə səhnə olub. “Reuters” daha əvvəl bölgəyə hərəkət edən və 200-dən çox rusiyalı döyüşçini daşıdığı bildirilən başqa bir hərbi karvanın da hücuma məruz qaldığını yazmışdı.