8 məşhur ART oğurluq

Van Qoq, Pikasso, Vermeer, Rembrandt, Karavacco və Rafaelə məxsus milyonlarla dollar dəyərində əsərlər illərdir axtarılsa da, onların taleyi hələ də məlum deyil.

27

1911-ci il avqustun 21-də Parisdəki Luvr Muzeyi dünyanın ən məşhur incəsənət oğurluqlarından biri ilə üzləşdi. Leonardo da Vinçinin “Mona Liza” əsəri muzeydən yoxa çıxmışdı.

İki ildən artıq davam edən axtarışlardan sonra əsər İtaliyada aşkarlandı. Vaxtilə Luvrda şüşə ustası kimi çalışan Vinçentso Peruccia tablonu Florensiyada bir sənət tacirinə satmağa çalışarkən ələ keçdi. Luvrun rəsmi məlumatına görə, oğurluq hadisəsi “Mona Liza”nın dünya miqyasında şöhrətini daha da artırdı.

Lakin incəsənət tarixində “Mona Liza” qədər şanslı olmayan, oğurlandıqdan sonra izsiz yoxa çıxan çoxsaylı əsərlər də var.

Vinsent van Qoq — “Xaşxaş çiçəkləri”

Van Qoqun “Poppy Flowers” — “Xaşxaş çiçəkləri” və ya “Çiçəklərlə vaza” kimi tanınan əsəri 2010-cu ilin avqustunda Qahirədəki Məhəmməd Mahmud Xəlil Muzeyindən oğurlanıb.

Əsərin o vaxtkı dəyəri təxminən 50–55 milyon dollar hesablanırdı. Təxminən 30×30 santimetr ölçüsündə olan tablo çərçivəsindən kəsilərək gündüz saatlarında aparılmışdı.

Araşdırma zamanı muzeyin siqnalizasiya sistemlərinin işləmədiyi, 43 müşahidə kamerasından yalnız yeddisinin fəaliyyətdə olduğu müəyyənləşdirilmişdi. Əsər 1977-ci ildə də oğurlanmış, sonradan geri qaytarılmışdı. Lakin 2010-cu il oğurluğundan sonra onu tapmaq mümkün olmayıb.

Pablo Pikasso — “Yaşıl noxudlu göyərçin”

Pikassonun “Le Pigeon aux petits pois” — “Yaşıl noxudlu göyərçin” əsəri 2010-cu il mayın 20-də Paris Müasir İncəsənət Muzeyindən oğurlanan beş tablodan biri olub.

Həmin gecə muzeydən Pikasso ilə yanaşı Anri Matiss, Jorj Brak, Amedeo Modilyani və Fernan Lejeyə məxsus əsərlər aparılıb. Beş tablonun ümumi dəyəri təxminən 120 milyon avro qiymətləndirilib.

Oğurluğu “Hörümçək adam” ləqəbli Vyeran Tomiç həyata keçirib. O, sonradan saxlanılıb və səkkiz il həbs cəzasına məhkum edilib. Onun şəriklərindən biri əsərləri zibil qabına atdığını söyləsə də, istintaq bu versiyaya şübhə ilə yanaşıb. Tabloların heç biri indiyədək tapılmayıb.

Yohannes Vermeer — “Konsert”

1990-cı il martın 18-də polis geyimində olan iki nəfər Bostonun İzabella Stüart Qardner Muzeyinə daxil olaraq mühafizəçiləri zirzəmidə bağlayıb.

Oğrular muzeydən 13 sənət əsəri, o cümlədən Vermeerin “Konsert” tablosunu aparıblar. Muzey oğurlanmış kolleksiyanın ümumi dəyərini 500 milyon dollardan çox qiymətləndirir. Hadisə ABŞ tarixində ən böyük mülkiyyət cinayətlərindən biri hesab olunur.

“Konsert” Vermeerin günümüzədək gəlib çatmış təxminən 36 əsərindən biri idi. Tablo oğurlandığı vaxtdan bəri heç bir yerdə üzə çıxmayıb.

Rembrandt — “Qaliley dənizində tufan zamanı Məsih”

Eyni oğurluq zamanı Rembrandtın 1633-cü ildə çəkdiyi “Qaliley dənizində tufan zamanı Məsih” əsəri də çərçivəsindən kəsilərək aparılıb.

Bu tablo Rembrandtın məlum olan yeganə dəniz mənzərəsidir. Oğrular muzeydə 81 dəqiqə qalıb və əsərləri avtomobilə iki dəfəyə daşıyıblar. Muzeydə tabloların boş çərçivələri hadisənin xatirəsi kimi saxlanılır.

ABŞ Federal Təhqiqat Bürosu 2013-cü ildə oğurluğun icraçılarının kimliyinin müəyyənləşdirildiyini bildirsə də, əsərlərin harada olduğu hələ də məlum deyil.

Karavacco — “Müqəddəs Fransisk və Müqəddəs Lavrenti ilə Milad”

Mikelancelo Merizi da Karavacconun monumental əsəri 1969-cu ilin oktyabrında Palermodakı San-Lorenso ibadətgahından oğurlanıb.

Oğrular böyük ölçülü kətanı çərçivəsindən kəsərək aparıblar. İtaliya Karabinyerlərinin məlumatına görə, əsər indiyədək tapılmayıb və istintaqda Siciliya mafiyasının mümkün iştirakı ilə bağlı müxtəlif istiqamətlər araşdırılıb.

Əsərin xaricə satıldığı, zədələndiyi və ya məhv edildiyi barədə müxtəlif ifadələr səsləndirilsə də, bu versiyaların heç biri qəti təsdiqlənməyib.

Yan van Eyk — “Ədalətli hakimlər”

“Ədalətli hakimlər” Yan və Hubert van Eyk qardaşlarına aid edilən məşhur Gent altarının — “Mistik quzuya sitayiş” poliptixinin bir panelidir.

1934-cü il aprelin 11-də Müqəddəs Bavon Kafedralından “Ədalətli hakimlər” və onun arxa tərəfindəki “Vəftizçi Yəhya” panelləri oğurlanıb. Cinayətkar Gent yepiskopundan bir milyon Belçika frankı tələb edib və əlindəki əsərlərin həqiqi olduğunu sübut etmək üçün “Vəftizçi Yəhya” panelini geri qaytarıb.

Bank işçisi Arsen Qudertir ölüm ayağında vəkilinə “Ədalətli hakimlər”in harada gizlədildiyini yalnız özünün bildiyini söyləyib. Onun iş otağında tələb məktublarının surətləri tapılsa da, panel aşkarlanmayıb.

İtkin əsərin yerinə rəssam-restavrator Jef van der Veken tərəfindən hazırlanmış surət yerləşdirilib. Orijinal panelin taleyi isə 90 ildən artıqdır naməlum qalır.

Rafael Santi — “Gənc adamın portreti”

Rafaelin təxminən 1513–1514-cü illərdə çəkdiyi “Gənc adamın portreti” İkinci Dünya müharibəsi zamanı nasistlər tərəfindən Polşanın Çartorıyski kolleksiyasından müsadirə edilib.

Əsərin rəssamın avtoportreti ola biləcəyi barədə fərziyyə mövcuddur, lakin portretdəki şəxsin kimliyi qəti müəyyən edilməyib.

Polşanın itirilmiş sənət əsərləri üzrə rəsmi məlumat bazasına görə, tablo 1944-cü ildə Aşağı Sileziyaya aparılıb və böyük ehtimalla 1945-ci ilin əvvəlində həmin bölgədə yoxa çıxıb. Müharibədən sonrakı sənədlərdə onun Hans Frankın Bavariyada ələ keçirilən kolleksiyasında olduğu təsdiqlənməyib.

2012-ci ildə əsərin xarici ölkələrdən birində bank seyfində saxlanıldığı barədə xəbər yayılsa da, bu məlumat sübuta yetirilmədi. Portret Polşanın ən qiymətli müharibə itkilərindən biri olaraq qalır.

Anri Matiss — “Ağ və sarı rənglərdə mütaliə edən qız”

Matissin 1919-cu ildə çəkdiyi “La Liseuse en Blanc et Jaune” əsəri 2012-ci ilin oktyabrında Rotterdamdakı Künsthal Muzeyindən oğurlanıb.

Üç dəqiqədən az davam edən oğurluq zamanı Matisslə yanaşı Pikasso, Klod Mone, Pol Qogen, Lusyen Freyd və Meyer de Haana məxsus ümumilikdə yeddi əsər aparılıb. Rumıniya vətəndaşlarından ibarət qrup sonradan cinayəti etiraf edib və məhkum olunub.

Şübhəlilərdən birinin anası tabloları oğlunu qorumaq üçün sobada yandırdığını deyib, lakin daha sonra ifadəsini dəyişib. Sobadan götürülən kül nümunələrində köhnə boya piqmentləri və metal qalıqları aşkarlansa da, hansı əsərlərin məhv edildiyini qəti müəyyənləşdirmək mümkün olmayıb.

2018-ci ildə oğurlanmış Pikasso tablosunun Rumıniyada tapıldığı düşünülsə də, sonradan bunun performans qrupu tərəfindən hazırlanmış saxta əsər olduğu üzə çıxıb. Yeddi orijinal tablo hələ də itkin sayılır.