Pəri Miniatür klassik Təbriz miniatür məktəbinin estetik prinsiplərini müasir düşüncə sistemi ilə sintez edərək fərqli və orijinal yaradıcılıq xətti formalaşdıran sənətkarlardandır. Onun sənətə yanaşması nə tam modern, nə də klassik çərçivələrlə məhdudlaşır — bu, sistemli düşüncə ilə emosional ifadənin vəhdətidir.
Bu müsahibədə Pəri Miniatürün yaradıcılıq yolu, miniatür sənətinə baxışı, əsərlərində gizlənən simvolika və bu qədim sənətin müasir dövrdə yaşadılması ilə bağlı fikirləri təqdim olunur.
Qısa arayış
Azərbaycan miniatür sənətində özünəməxsus dəsti-xətti ilə seçilən Pəri Miniatür — tam adı ilə Pərinisə Fazil qızı Əsgərova — həm ölkədə, həm də beynəlxalq səviyyədə tanınan sənətkarlardandır.
Təbriz miniatür məktəbinin davamçısı olan rəssam 1000-dən çox əsəri ilə bu qədim sənət növünə yeni nəfəs gətirib.
1976-cı ildə Naxçıvanın Babək rayonunda doğulan Pəri Miniatür gənc yaşlarından miniatür–xalça sisteminin incəliklərini mənimsəyərək sənətə doğru məqsədyönlü addımlar atıb.
O, 1993–1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb, 2013-cü ildən isə Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
UNESCO tərəfindən Azərbaycan, Türkiyə, İran və Özbəkistanın ortaq qeyri-maddi mədəni irsi kimi tanınan miniatür sənətinin layiqli təmsilçisi olan Pəri Miniatür Türkiyədən Fransaya qədər geniş coğrafiyada sərgiləri ilə diqqət çəkib. Onun fərdi və beynəlxalq sərgilərdə iştirakı yaradıcılığının universal dəyər daşıdığını təsdiqləyir.
Klassik sistemdən fərdi üsluba
Pəri Miniatür yaradıcılıq yolunun başlanğıcında sistemli elmi yanaşmanın dayandığını vurğulayır:
“Biz ilk öncə sistem şəklində kristalloqrafiya elmini öyrəndik. İllər boyunca öyrəndiyim sistemi, rəng axınını, tam və hissələrin vəhdətini Təbriz miniatür məktəbi ilə sintez elədim və ortaya yeni, fərqli bir şey çıxdı.”

Sənətkarın fikrincə, klassik Təbriz miniatür məktəbinin təkrarına ehtiyac yoxdur, çün ki bu ənənə orta əsr ustadları tərəfindən artıq kamil şəkildə formalaşdırılıb:
“Təbriz klassik miniatür məktəbi yaradıcılığını təkrar etməyə heç bir gərək yox idi. Ona görə də öyrəndiyim sistemlə bu məktəbi sintez etdim.”
Bu sintezdə klassik simmetrik xətlər və “qızıl qaydalar” qorunur, üzərinə isə müasir insanın hissləri, düşüncələri və zamanın ağrıları əlavə edilir.
Miniatür – meditasiya və həyat tərzi
Miniatür Pəri Miniatür üçün sadəcə sənət növü deyil, həyat fəlsəfəsidir:
“Miniatür mənim həyatımın ən gözəl hissəsidir. Mən buna bir növ meditasiya kimi baxıram.”
O bildirir ki, bu sənət ona həm mənəvi, həm fiziki rahatlıq verir və eyni zamanda maddi gəlir mənbəyidir. Onun üçün ən önəmli olan nəticə deyil, prosesdir:
“Mən hər hansı əsəri yox, onun prosesini sevirəm. Həzzin böyük hissəsini iş prosesində alıram.”

Kodlar, simvollar və məna qatları
Miniatür sənətinin əsas xüsusiyyətlərindən biri kodlarla işləməsidir. Perspektiv, kölgə və dərinliyin olmaması bir müstəvi üzərində bir neçə zaman və məfhumu eyni anda təsvir etməyə imkan verir.
Sənətkar bu xüsusiyyəti belə izah edir:
“Miniatürdə bir müstəvi üzərində keçmişi və gələcəyi, iki qarşı ordunu və ya müxtəlif mənzərələri eyni anda vermək mümkündür.”
Miniatürdə simvollar mühüm rol oynayır. Məsələn, niqablı və ya başında alov haləsi olan fiqurlar — müqəddəsləri, mürəkkəb qabı olan gənc şahzadə — alimləri, sərv ağacı — Allahı, armud və piyalə — təvazökarlığı simvolizə edir.
Sənətkarın ən sevdiyi rəmzlərdən biri isə paltardakı yamaq təsviridir:
“Bu rəmz qələndərliyi, dünya malına arxa çevirməyi bildirir. Nəsimini təsvir edəndə bu simvolikadan istifadə etmişdim.”
Hər detalın forması və yerləşməsi tamaşaçıya əsərin məna xəritəsini oxumağa imkan verir.
Sərgilər və şəxsi ağrılar
Pəri Miniatürün ilk sərgisi 32 yaşında baş tutub. O, bu sərgini daha çox xatirə kimi xatırlayır və yaradıcılıq baxımından ən uğurlu işi hesab etmir.
Ən yaddaqalan sərgiləri isə Türkiyədə keçirilən sərgi və 2023-cü il 24 iyunda Silahlı Qüvvələrin qələbəsinə həsr olunan sərgi olub. Həmin sərgidə 120-yə yaxın əsər nümayiş etdirilib.
Bununla yanaşı, sənətkarın satmaqdan imtina etdiyi, yalnız öz həyatına aid olan əsərləri də var. Xüsusilə “Şəhid anası” əsəri onun üçün dərin emosional yük daşıyır:
“O ağrını bütün hüceyrələrimə qədər hiss etmişdim.”
Dəstək və məsuliyyət məsələsi
Miniatür sənətinin yaşaması və inkişafı üçün Pəri Miniatür dövlət dəstəyini zəruri hesab edir. Onun fikrincə, sənətkar məişət qayğılarından azad olmalı, yaradıcılığa zaman və enerji ayıra bilməlidir. O, bir əsərində Yer kürəsinə qandallanmış obrazla bu fikri simvolik şəkildə ifadə etdiyini xatırladır.
Əqli mülkiyyət məsələsinə gəlincə, o bildirir ki, əsərlərin hüquqi qorunması yalnız sənətkarın deyil, hüquq sisteminin də məsuliyyətidir.
Pəri Miniatürün yaradıcılığı klassik miniatür sənətinin müasir dövrdə necə yeni məna və forma qazana biləcəyinin parlaq nümunəsidir. Onun əsərləri yalnız vizual gözəllik deyil, həm də düşüncənin, hisslərin və zamanın kodlaşdırılmış ifadəsidir. Klassiklə müasirin, sistemlə emosiyanın bu sintezi Azərbaycan miniatür sənətinin gələcək inkişafı üçün mühüm istiqamət göstərir.