ABŞ qüvvələrinin İranın cənubundakı Hörmüzqan əyalətinə endirdiyi zərbələr nəticəsində altı avtomobil və nəqliyyat körpüsünün zədələndiyi bildirilir.
MSNews.az xəbər verir ki, İranın Hörmüzqan əyalətinin rəsmiləri hücumların iyulun 16-dan 17-nə keçən gecə əsasən Bəndər-Xəmir rayonunda həyata keçirildiyini açıqlayıblar. Zərbələr Bəndər-Abbası Lar, Şiraz və İranın mərkəzi bölgələri ilə birləşdirən nəqliyyat marşrutlarını hədəfə alıb.
Bu barədə “Tasnim” məlumat yayıb.
İran rəsmilərinin açıqladığı siyahıya Bəndər-Abbas–Bəndər-Xəmir–Lar yolundakı Qərivə körpüsü, Lətidan kəndindən sonrakı körpü, Kəhurestan–Lar marşrutundakı iki körpü, Bəndər-Xəmir–Keşar–Bəndər-Abbas yolundakı tikintisi tamamlanmamış körpü və Maru kəndi yaxınlığındakı körpü daxildir. Yerli hakimiyyət sakinlərə zədələnmiş yollardan istifadə etməməyi tövsiyə edib.
İran tərəfinin məlumatına görə, körpülərdən birinin dağılmasından sonra hərəkətdə olan avtomobil aşağı düşüb, nəticədə yeddi nəfər ölüb və doqquz nəfər yaralanıb. Bəndər-Abbasın Tappe Allah məhəlləsinə endirilən ayrıca zərbədə isə bir nəfərin öldüyü, səkkiz nəfərin yaralandığı bildirilir. Bu itkilər barədə məlumat ABŞ tərəfindən ayrıca təsdiqlənməyib.
“Associated Press” zərbələrin Bəndər-Abbası İranın mərkəzi hissələrinə və Tehrana aparan yol və dəmir yolu xətlərindən ayırmağa yönəlmiş kimi göründüyünü yazıb. Bəndər-Abbas İranın əsas kommersiya limanı olmaqla yanaşı, ölkənin Hərbi Dəniz Qüvvələri və SEPAH donanması üçün də strateji əhəmiyyət daşıyır.
ABŞ Mərkəzi Komandanlığı — CENTCOM əməliyyat zamanı sahil müşahidə və hava hücumundan müdafiə obyektlərinin, hərbi logistika infrastrukturunun və dəniz imkanlarının hədəfə alındığını təsdiqləyib. Bununla belə, rəsmi açıqlamada vurulan körpülərin sayı və konkret ünvanları göstərilməyib.
Həmin gecə Bəndər-Abbas yaxınlığında və Qeşm adasında da partlayışların baş verdiyi bildirilib. “Reuters” İran mənbələrinə istinadən ABŞ mərmilərinin Qeşm adasına və Bəndər-Abbas ətrafına düşdüyünü yazıb. Lakin agentlik Qeşmdə quru əməliyyatına hazırlıq görüldüyünü bildirməyib.
Körpülərin vurulmasının Qeşm adasına mümkün ABŞ müdaxiləsinə hazırlıq olması barədə fikir bəzi açıq mənbə analitikləri tərəfindən irəli sürülüb.