Ukrayna Qara və Azov dənizlərində 11 gəmini vurduğunu açıqladı

Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi iyulun 16-da Qara və Azov dənizlərində beş tanker, bir qazdaşıyan gəmi və digər altı gəminin vurulduğunu bildirib.

34

Ukraynanın Pilotsuz Sistemlər Qüvvələri Qara və Azov dənizlərində Rusiyaya bağlı olduğu bildirilən 11 gəmini vurduğunu açıqlayıb.

MSNews.az xəbər verir ki, qüvvələrin komandanı Robert “Madyar” Brovdi iyulun 16-da keçirilən hücumlar zamanı 10 gəminin Qara dənizdə, bir gəminin isə Azov dənizində hədəfə alındığını bildirib.

Bu barədə “Ukrainska Pravda” məlumat yayıb.

Brovdi vurulan hədəflər arasında beş neft tankerinin, bir qazdaşıyan tankerin, üç quru yük gəmisinin və iki yedək gəmisinin olduğunu deyib. Qazdaşıyan gəmi, quru yük gəmiləri və yedəklər Qara dənizdə hədəfə alınıb. Tankerlərdən birinin Azov dənizində vurulduğu açıqlanıb.

Ukrayna komandanının sözlərinə görə, hücumlarda “Madyarın quşları” adlandırılan 414-cü briqadanın 9-cu “Kayros” batalyonu, Pilotsuz Sistemlər Qüvvələrinin 1-ci Əlahiddə Mərkəzi və “K-2” 20-ci briqadası iştirak edib. Brovdi gəmilərin adlarını, bayraqlarını və ekipajların vəziyyətini açıqlamayıb.

Əməliyyat Ukrayna tərəfinin “MoLoÇKa” adlandırdığı dəniz kampaniyasının bir hissəsidir. Brovdinin iddiasına görə, iyulun 6-dan 16-dək Rusiyanın “kölgə donanmasına” aid ümumilikdə 147 gəmi vurulub: onların 117-si Azov, 30-u isə Qara dənizdə hədəfə alınıb. Bu rəqəmlər müstəqil mənbələr tərəfindən tam şəkildə təsdiqlənməyib.

Brovdi əməliyyatın məqsədinin dəniz logistikasını iflic etmək olduğunu bildirib. Onun sözlərinə görə, hədəf gəmiləri batırmaq deyil, idarəetmə və hərəkət imkanlarını sıradan çıxararaq onları istifadəyə yararsız vəziyyətə salmaqdır.

“Reuters” daha əvvəl Ukraynanın təqdim etdiyi hücum videolarının dəqiq çəkiliş tarixini və yerini müstəqil təsdiqləyə bilmədiyini bildirib. Bununla yanaşı, agentliyin sənaye mənbələri Azov dənizində bir neçə gəminin vurulduğunu, bəzilərində yanğın baş verdiyini və təhlükəsizlik səbəbindən gəmi hərəkətinin məhdudlaşdığını təsdiq edir.