Cakarta dünyanın ən çox əhalisi olan şəhəridir

BMT-nin yeni şəhərləşmə hesabatına görə, Cakarta 41,9 milyon nəfərlə dünyanın ən çox əhalisi olan şəhər aqlomerasiyasına çevrilib. Daka ikinci, Tokio isə üçüncü yerdədir.

30

İndoneziyanın paytaxtı Cakarta 41,9 milyon nəfərlik əhalisi ilə dünyanın ən böyük şəhər aqlomerasiyası kimi müəyyənləşdirilib.

MSNews.az xəbər verir ki, bu nəticə BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin 2025-ci il üzrə “World Urbanization Prospects” hesabatında yer alıb. Hesabata əsasən, Cakarta əvvəlki lider Tokionu geridə qoyaraq siyahının ilk pilləsinə yüksəlib.

İkinci yerdə 36,6 milyon nəfərlə Banqladeşin paytaxtı Dəkkə, üçüncü pillədə isə 33,4 milyon nəfərlə Tokio qərarlaşıb. Sonrakı yerləri Qahirə, Yeni Dehli, Şanxay, Quançjou, Manila, Kəlküttə və Seul tutur. İlk onluqdakı şəhərlərdən yalnız Qahirə Asiyadan kənarda yerləşir.

41,9 milyon göstəricisi yalnız Cakartanın inzibati sərhədləri daxilində yaşayan əhalini ifadə etmir. BMT hesablamalarda şəhər mərkəzi ilə ona bitişik sıx məskunlaşmış əraziləri vahid aqlomerasiya kimi nəzərə alan yeni standart metodologiyadan istifadə edib. Buna görə müxtəlif mənbələrdə Cakartanın əhalisi ilə bağlı daha aşağı rəqəmlərə də rast gəlmək mümkündür.

Yeni metodologiyaya əsasən, şəhər hər kvadratkilometrdə azı 1500 nəfərin yaşadığı və ümumi əhalisi minimum 50 min olan bir-birinə bitişik ərazi vahidlərindən ibarət yaşayış məntəqəsi kimi müəyyənləşdirilir. Bu yanaşma ölkələrin şəhər sərhədlərini fərqli üsullarla müəyyənləşdirməsindən yaranan uyğunsuzluqları azaltmaq məqsədi daşıyır.

BMT-nin məlumatına görə, dünyada əhalisi 10 milyondan çox olan meqapolislərin sayı 1975-ci ildəki 8-dən 2025-ci ildə 33-ə yüksəlib. Onlardan 19-u Asiyada yerləşir. Dakanın sürətli artımını davam etdirərək 2050-ci ilədək dünyanın ən böyük şəhərinə çevriləcəyi proqnozlaşdırılır.

Cakarta hazırda da hüquqi baxımdan İndoneziyanın paytaxtı statusunu saxlayır. Paytaxtın Nusantaraya köçürülməsi layihəsi davam etsə də, bunun üçün tələb olunan prezident fərmanı hələ qüvvəyə minməyib. (beritajakarta.id)