ABŞ-ın cəmi bir neçə saata Venesuelada keçirdiyi əməliyyat və prezident Nikolas Maduro ilə həyat yoldaşının yatağında tutularaq ölkədən çıxarılması əməliyyatı dünya gündəmində zəlzələ effekti yaratdı. Əməliyyatı həyata keçirən ABŞ xüsusi təyinatlılarının peşəkarlığı haqqında səhifələrlə yazılar yazılır, onların dünyanın ən güclü xüsusi təyinatlı birliyi olduğu qeyd olunur. Lakin ABŞ xüsusi təyinatlıları heç də həmişə uğurlu əməliyyatlar icra etməyib. Bunların arasında fiasko ilə nəticələnənləri də olub. Moqadişu döyüşü kimi…
1993-cü il oktyabrın 3–4-də Somalinin paytaxtı Moqadişuda baş verən və tarixə “Moqadişu döyüşü” kimi düşən hadisə ABŞ və BMT qüvvələrinin Afrika ölkəsindəki missiyasının taleyini dəyişdi. İki il davam edən vətəndaş müharibəsi nəticəsində viran qalmış şəhərdə keçirilən əməliyyat əvvəlcə cəmi bir saatlıq reyd kimi planlaşdırılsa da, təxminən 15 saat davam edən ağır döyüşlərə çevrildi.
Hadisələr Somalidə 1991-ci ildə diktator Məhəmməd Siyad Barrenin devrilməsindən sonra yaranan xaos fonunda baş verdi. BMT humanitar böhranın qarşısını almaq üçün bölgəyə sülhməramlı qüvvələr yerləşdirsə də, silahlı klanlar və hərbi liderlər ölkəyə nəzarət uğrunda mübarizəni davam etdirirdi. ABŞ isə “Operation Restore Hope” və daha sonra “Operation Gothic Serpent” əməliyyatları çərçivəsində əsas müharibə liderlərindən biri olan Məhəmməd Fərrəh Aididin tutulmasını hədəfləmişdi.
Oktyabrın 3-də ABŞ-ın “Task Force Ranger” adlı xüsusi təyinatlı birliyi Aididin yaxın adamlarını ələ keçirmək üçün Moqadişunun mərkəzinə helikopterlə endi. Lakin qısa müddətdə minlərlə silahlı klan döyüşçüsü əraziyə axışdı. RPQ atəşləri nəticəsində iki “Black Hawk” helikopteri vuruldu və ABŞ qüvvələri şəhərin mərkəzində mühasirədə qaldı.
Gecə boyunca davam edən şiddətli döyüşlərdə ABŞ qüvvələri ağır itkilər verdi. Xilasetmə əməliyyatı yalnız Pakistan və Malayziya sülhməramlılarının zirehli texnikasının köməyi ilə mümkün oldu. Nəticədə 18 amerikalı və 2 malayziyalı hərbçi həlak oldu, 80-dən çox əsgər yaralandı. Qarşı tərəfin itkilərinin isə yüzlərlə, hətta minə yaxın olduğu ehtimal edilir.
Moqadişu döyüşü ABŞ və BMT üçün ciddi dərslər çıxardı: şəhər müharibələrinin nə qədər sürətlə nəzarətdən çıxa biləcəyi, zirehli texnika və kəşfiyyatın əhəmiyyəti, eləcə də, mülki əhalinin olduğu ərazilərdə əməliyyatların mürəkkəbliyi açıq şəkildə ortaya çıxdı. Bu hadisədən sonra ABŞ Somalidəki hərbi iştirakını mərhələli şəkildə azaltdı və 1994-cü ildə ölkədən tam çıxarıldı.
Analitiklərə görə, Moqadişu döyüşü müasir dövrdə şəhər müharibələrinin simvoluna çevrilib və hələ də hərbi doktrinalarda öyrənilən əsas nümunələrdən biri hesab olunur.