Peter Siyarto vətənə xəyanətdə ittiham edilir?

Macarıstanın Baş naziri Peter Magyar keçmiş xarici işlər naziri Peter Siyartonun Rusiya ilə əlaqələrinin araşdırıldığını açıqlayıb. Araşdırmanın hüquqi statusu və hansı qurum tərəfindən aparıldığı hələlik məlum deyil.

35

Macarıstanın Baş naziri Peter Madyar keçmiş xarici işlər naziri Peter Siyartonun Rusiya ilə münasibətlərinə dair araşdırmanın başladığını bildirib.

MSNews.az xəbər verir ki, Madyar hökumətin iclasından sonra keçirilən mətbuat konfransında jurnalistin Siyarto ilə bağlı hər hansı araşdırmanın başlanıb-başlanmaması barədə sualını cavablandırıb.

“Məndə olan məlumata görə, araşdırma başlayıb. İctimaiyyətə açıqlanacaq məlumat olduqda bunu edəcəyik”, – deyə Baş nazir bildirib.

Bu barədə Macarıstanın “Telex” nəşri məlumat yayıb.

Madyar araşdırmanın hansı qurum tərəfindən aparıldığını, cinayət işi açılıb-açılmadığını və Siyartoya qarşı rəsmi ittihamın olub-olmadığını açıqlamayıb. O, məsələdə məxfi sənədlərin, Xarici İşlər Nazirliyinə aid materialların və başqa sənədlərin olduğunu bildirərək nəticələr açıqlanana qədər hər hansı hökm vermək istəmədiyini deyib.

Buna görə hazırkı məlumatlar əsasında Siyartoya qarşı dövlətə xəyanət maddəsi ilə cinayət işi açıldığını söyləmək mümkün deyil. “Dövlətə xəyanət” ifadəsi Peter Madyarın hələ parlament seçkilərindən əvvəl Siyartonun fəaliyyəti ilə bağlı səsləndirdiyi siyasi ittihamdır və məhkəmə tərəfindən müəyyən edilmiş hüquqi nəticə deyil.

Qalmaqal 2026-cı ilin mart və aprel aylarında araşdırmaçı jurnalistlər konsorsiumunun Siyarto ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında olduğu bildirilən telefon danışıqlarını yaymasından sonra genişlənib.

“Reuters” agentliyinin məlumatına görə, 2024-cü ilin avqustuna aid olduğu deyilən səs yazılarından birində Lavrov sanksiya tətbiq edilmiş rusiyalı iş adamı Əlişir Usmanovun bacısının Avropa İttifaqının sanksiya siyahısından çıxarılmasına yardım göstərilməsini istəyib. Səs yazısında Siyarto Macarıstan və Slovakiyanın bununla bağlı Aİ-yə təklif təqdim edəcəyini və siyahıdan çıxarılma üçün əllərindən gələni edəcəklərini bildirib.

Apreldə yayılan başqa bir danışıqda Siyartonun Ukraynanın Avropa İttifaqına üzvlük danışıqları ilə bağlı sənədi Rusiya tərəfinə göndərməyi təklif etdiyi iddia olunub. Sənədin məxfi olub-olmadığı və ümumi istifadəyə açıq materiallar sırasında yer alıb-almadığı dəqiqləşdirilməyib.

Araşdırmanı aparan “VSquare” səs yazılarının müxtəlif ölkələrdəki mənbələr və müstəqil audio mütəxəssisləri vasitəsilə yoxlanıldığını bildirib. “Reuters” isə yazıların həqiqiliyini müstəqil şəkildə təsdiqləyə bilmədiyini qeyd edib.

Siyarto telefon danışıqlarının dinlənilməsini “böyük qalmaqal” adlandırıb. O, Rusiyaya məxfi məlumat ötürdüyünü və Macarıstanın maraqlarına xəyanət etdiyini rədd edərək Lavrovla təmaslarının adi diplomatik fəaliyyət çərçivəsində baş verdiyini bildirib.