Tramp İlham Əliyevin Şuşa Forumundakı fikirlərini paylaşdı

ABŞ Prezidenti Donald Tramp İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda onun sülh təşəbbüsləri barədə səsləndirdiyi fikirlərə həsr olunan məqaləni “Truth Social” hesabında paylaşıb.

9

MSNews.az xəbər verir ki, Tramp “Breitbart News” müxbiri Coşua Klaynın hazırladığı məqaləni yenidən yayımlayıb. Yazıda İlham Əliyevin ABŞ Prezidentinin Azərbaycan və Ermənistan arasında sülh prosesinə töhfəsi barədə fikirləri təqdim olunub.

Prezident İlham Əliyev forumda Trampın əvvəlki ABŞ administrasiyalarından fərqli yanaşma nümayiş etdirdiyini bildirib. Dövlət başçısının sözlərinə görə, Tramp və komandası danışıqların yekun mərhələsində prosesə qoşularaq sülhün mümkün olduğu çərçivənin formalaşmasına kömək edib.

“Prezident Tramp sülhü sevən insandır. O, sülhü fürsət kimi görür”, – İlham Əliyev bildirib. Prezident Tramp administrasiyasının Azərbaycanın narahatlıqlarını anladığını və Ermənistan tərəfini sülhün hər iki ölkənin maraqlarına uyğun olduğuna inandırmaq üçün çalışdığını qeyd edib. Bu fikirlər Azərbaycan Prezidentinin rəsmi saytında yayımlanan forum stenoqramında da əksini tapıb.

İlham Əliyev ötən ilin avqustunda Ağ Evdə keçirilmiş görüşü də xatırladaraq, həmin prosesin Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılmasında mühüm mərhələ olduğunu deyib. O, ABŞ rəsmilərinin əldə olunmuş razılaşmalar üzrə öhdəliklərini dəqiq yerinə yetirdiyini vurğulayıb.

Trampın paylaşımından sonra İlham Əliyev ABŞ Prezidentinə təşəkkür edib. Azərbaycan Prezidentinin rəsmi saytında yayımlanan müraciətdə dövlət başçısı Trampın Azərbaycan və Ermənistan arasında davamlı sülhün təşviqində əvəzsiz rol oynadığını bildirib.

“Liderliyiniz regionumuzu sülhə, sabitliyə və rifaha yaxınlaşdırmağa tarixi töhfə verib. Siz həqiqətən sülh adamısınız”, – paylaşımda qeyd olunub.

IV Şuşa Qlobal Media Forumu iyulun 13-də “Sülhün təşviqində medianın missiyası: həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilib. Tədbirdə 53 ölkədən 160 qonaq iştirak edib.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.