İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı əsas mesajları

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda Azərbaycan–Türkiyə münasibətləri, Qarabağın bərpası, nəqliyyat dəhlizləri və ölkənin artan tranzit rolu barədə danışıb.

15

MSNews.az xəbər verir ki, Azərbaycan Prezidentinin rəsmi saytı tədbirin “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunduğunu bildirib. Forumda 53 ölkədən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edir. Tədbirdə 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunur.

Prezident İlham Əliyev bildirib ki, Forumun əsas məqsədi dünyanın müxtəlif bölgələrindən gələn media nümayəndələri üçün qarşılıqlı maraq və narahatlıq doğuran məsələlərin müzakirə edilə biləcəyi mühit yaratmaqdır. Dövlət başçısının sözlərinə görə, tədbir xarici qonaqlara Qarabağ və Şuşa ilə yaxından tanış olmaq, bölgədə davam edən inkişaf və yenidənqurma prosesini yerində görmək imkanı verir.

Prezident qeyd edib ki, Forum iştirakçıları Qarabağın işğal dövründə məruz qaldığı dağıntıların nəticələri, eyni zamanda azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə tanış olurlar.

Dövlət başçısı çıxışında Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin dünyada bənzərinin olmadığını vurğulayıb. Onun sözlərinə görə, iki ölkə arasında siyasi, iqtisadi, enerji və nəqliyyat əlaqələri, eləcə də xalqlar arasındakı münasibətlər yüksək səviyyədədir.

“Dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın, bir-birini bu dərəcədə dəstəkləyən və dost olan iki ölkə tapmaq çətindir”, – Prezident bildirib. O, bu münasibətlərin regional sabitlik, əməkdaşlıq və təhlükəsizliyin təmin olunması baxımından da mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq tranzit və logistika mərkəzinə çevrilməsi istiqamətində həyata keçirilən siyasətə də toxunub. Dövlət başçısı bildirib ki, qonşu ölkələrlə normal və güclü münasibətlər qurulmadan mühüm tranzit ölkəsinə çevrilmək mümkün deyil.

Onun sözlərinə görə, Azərbaycan Şərq və Qərb istiqamətlərində yerləşən tərəfdaşları ilə yüksək səviyyəli əlaqələr formalaşdırıb. Mərkəzi Asiya ölkələri, Gürcüstan, Türkiyə və Avropa dövlətləri ilə əməkdaşlıq ölkənin nəqliyyat imkanlarını daha da genişləndirir.

Prezident bildirib ki, Azərbaycan Şərq–Qərb və Şimal–Cənub dəhlizləri üzrə geniş beynəlxalq əməkdaşlığın yaradılmasında fəal iştirak edib. Ölkə enerji layihələrinin təşəbbüskarı və əsas maliyyəçilərindən biri olmaqla yanaşı, zəruri fiziki infrastrukturu da yaradıb. Hazırda əsas diqqət bu infrastrukturun genişləndirilməsinə yönəldilib.

Dövlət başçısı Azərbaycanın coğrafi üstünlüklərindən səmərəli istifadə etdiyini və nəqliyyat bağlantıları məsələləri üzərində uzun müddətdir çalışdığını vurğulayıb. Onun sözlərinə görə, bu istiqamətdə fəaliyyət xüsusilə son 10 ildən artıq müddətdə daha intensiv xarakter alıb.

Prezident İlham Əliyev Yaxın Şərqdə hərbi qarşıdurmaların ən gərgin mərhələlərində belə beynəlxalq uçuşların mühüm hissəsinin Azərbaycan üzərindən həyata keçirildiyini qeyd edib. O bildirib ki, hava nəqliyyatı ilə yanaşı, Xəzər dənizi və quru yolları vasitəsilə daşınan yüklər də Azərbaycanın beynəlxalq logistika sistemindəki rolunu artırır.

Dövlət başçısının sözlərinə görə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının illik yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması nəzərdə tutulur. Avropaya və əks istiqamətə yük daşınması üçün ölkənin gəmiqayırma zavodunda yeni gəmilər də inşa olunur.

Prezident vurğulayıb ki, Azərbaycanın nəqliyyat dəhlizlərinin səmərəli işləməsi uzun illər ərzində həyata keçirilən ardıcıl siyasi, iqtisadi və infrastruktur tədbirlərinin nəticəsidir. Ölkənin Mərkəzi Asiya ilə Avropa arasında yerləşməsi və hər iki istiqamətlə sıx münasibətlərə malik olması Azərbaycanın strateji əhəmiyyətini daha da artırır.