Dieqo Forlan Urugvay millisinin müvəqqəti baş məşqçisi olmağa yaxındır

Urugvay Futbol Assosiasiyası Dieqo Forlanı U-20 yığmasının baş məşqçisi və əsas millinin müvəqqəti çalışdırıcısı təyin etməyi planlaşdırır. Onun böyük millidəki fəaliyyəti 2027-ci ilin martınadək davam edə bilər.

14

Uruqvay millisinin əfsanəvi futbolçusu Dieqo Forlanın U-20 yığmasının baş məşqçisi və eyni zamanda əsas millinin müvəqqəti çalışdırıcısı olması istiqamətində danışıqlar aparılır.

MSNews.az xəbər verir ki, “Montevideo Portal” Forlanın Uruqvay Futbol Assosiasiyasının əsas namizədi olduğunu yazıb. Plan baş tutarsa, o, U-20 yığmasına daimi rəhbərlik edəcək, əsas millini isə növbəti baş məşqçi müəyyənləşdirilənədək yoldaşlıq oyunlarına çıxaracaq.

Məlumata görə, Uruqvay millisini 2026-cı ilin sentyabr, oktyabr və noyabr aylarında, eləcə də 2027-ci ilin martında ümumilikdə səkkiz yoldaşlıq oyunu gözləyir. Forlanın əsas komandadakı müvəqqəti fəaliyyəti bu görüşləri əhatə edə bilər.

Bu səbəbdən bəzi mənbələr prosesi Forlan üçün “2027-ci ilin martınadək sınaq müddəti” kimi təqdim edir. Lakin yerli xəbərlərdə bunun rəsmi sınaq müqaviləsi deyil, əsas millinin yeni daimi baş məşqçisi seçilənədək nəzərdə tutulan müvəqqəti mərhələ olduğu görünür.

Forlanın köməkçisi vəzifəsinə keçmiş uruqvaylı futbolçu Dieqo Peresin gətirilməsi nəzərdə tutulur. Fiziki hazırlıq üzrə mütəxəssislər Dieqo Estavilyo və Santyaqo Ferronun isə yığmanın strukturunda qalacağı bildirilir.

Uruqvay Futbol Assosiasiyasının rəhbərliyi əsas millinin daimi baş məşqçisi ilə uzunmüddətli müqavilə imzalamağa tələsmir. Buna səbəb qurumda 2027-ci ilin aprelində rəhbərlik seçkilərinin keçirilməsidir. Assosiasiya yeni prezident və icraiyyə heyəti müəyyənləşənədək müvəqqəti variantdan istifadə etməyi planlaşdırır.

Marselo Bielsa daha əvvəl müqaviləsinin 2026-cı il dünya çempionatı ilə başa çatacağını bildirmişdi. Uruqvayın mundialın qrup mərhələsində mübarizəni dayandırmasından sonra argentinalı mütəxəssis yığmadan ayrılıb.

Forlan isə iyunun sonunda ESPN-də Serxio Aquero ilə söhbət zamanı Uruqvay millisindən təklif alacağı halda bunu qəbul etməyə hazır olduğunu demişdi. O, “Çağırsalar, əlbəttə gedərəm” ifadəsini işlətmişdi.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.