Adeyemi “Barselona”ya keçir

Karim Adeyeminin “Borussiya Dortmund”dan “Barselona”ya transferi ilə bağlı razılaşma əldə olunduğu bildirilir. Fabrizio Romanonun məlumatına görə, katalon klubu 22 milyon avro və 7 milyon avro bonus ödəyəcək.

15

“Barselona” Almaniya millisinin futbolçusu Karim Adeyeminin transferi ilə bağlı “Borussiya Dortmund”la razılığa gəlib.

MSNews.az xəbər verir ki, “Transfermarkt” Fabrizio Romanoya istinadən yazır ki, katalon klubu 24 yaşlı hücumçu üçün 22 milyon avro əsas məbləğ ödəyəcək. Müqavilədə əlavə 7 milyon avro bonus da nəzərdə tutulub. Bonusların oyun sayı və titullarla bağlı şərtlərdən asılı olacağı bildirilir.

Barca Blaugranes”in məlumatına görə, Adeyemi “Barselona” ilə 5 illik müqavilə imzalayacaq və klubun yay transfer pəncərəsində ikinci transferi olacaq. Mənbə bildirir ki, “Barselona” bir neçə gün əvvəl Dortmund klubuna ilk rəsmi təklifini göndərmişdi, həmin təklif rədd edilsə də, tərəflər qısa müddət sonra razılığa gəliblər.

Bununla belə, Almaniya mətbuatında bonuslarla bağlı fərqli rəqəm göstərilir. “Bild” yazır ki, Dortmund Adeyeminin satışından 22 milyon avro əsas məbləğ, 9 milyon avro bonus və gələcək satışdan 35 faiz pay əldə edəcək.

Adeyemi mövqecə vinger və hücum xəttinin oyunçusudur. “Transfermarkt” onu sağ cinah hücumçusu kimi təqdim edir və hazırkı bazar dəyərini 40 milyon avro göstərir. Mənbəyə görə, futbolçu “Borussiya Dortmund” forması ilə bütün turnirlərdə 146 oyunda 36 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.

Daily Sabah” daha əvvəl yazmışdı ki, “Barselona” Dortmund klubuna Adeyemi üçün rəsmi təklif göndərib, futbolçu isə şəxsi şərtlər üzrə katalon klubu ilə razılaşıb. Mənbə qeyd edirdi ki, Adeyeminin Dortmundla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir və müqavilə uzadılması ilə bağlı danışıqlar nəticə verməyib.

Transferin Hansi Flik faktoru ilə də bağlı olduğu bildirilir. Alman mütəxəssis Adeyemini yaxşı tanıyır və onun sürəti, pressinq qabiliyyəti və hücum xəttində müxtəlif mövqelərdə oynaya bilməsi “Barselona” üçün üstünlük sayılır. “Transfermarkt” qeyd edir ki, Adeyemi hər iki cinahda və mərkəz hücumçusu mövqeyində çıxış edə bilir.

“Bild” isə futbolçunun Flik rəhbərliyində Almaniya millisində debüt etdiyini xatırladıb. Nəşr yazır ki, Adeyemi artıq “Barselona”da güclü rəqabətlə üzləşəcək: sağ cinahda Lamin Yamal, sol cinahda isə yeni transfer Entoni Qordon əsas namizədlər arasındadır.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.