Braziliyalı cütlük 30 saniyədə 195 öpüşlə Ginnesin Dünya Rekordları kitabına düşüb.
MSNews.az xəbər verir ki, Ginnesin Dünya Rekordlarının rəsmi məlumatına görə, Renato Bayma Qaya və sevgilisi Naiara Roberta Ribeiro de Marins “30 saniyədə bir cütlük tərəfindən ən çox öpüş” rekorduna imza atıblar. Rekord Braziliyanın San-Paulu ştatının San-Joze-dus-Kampus şəhərində qeydə alınıb.
Rəsmi məlumata əsasən, rekord cəhdi 17 fevral 2026-cı ildə baş tutub. Renato və Naiara 30 saniyə ərzində ümumilikdə 195 öpüş qeydə aldıraraq yeni nəticəyə nail olublar.
Ginnesin məlumatında bildirilir ki, Renato 32, Naiara isə 33 yaşındadır. Cütlük artıq bir il yarımdır birlikdədir. Hər ikisinin həkim olduğu və koronavirus pandemiyası zamanı ön cəbhədə çalışdığı qeyd olunur.
Rekord cəhdi zamanı Renato sevgilisinin yanağından sürətlə öpüb. Ginnessin yaydığı görüntülərdə cütlüyün bu anı pozitiv və əyləncəli atmosferdə həyata keçirdiyi görünür.
Renato Bayma Qaya üçün bu, ilk rekord deyil. Ginness yazır ki, o, daha əvvəl də bir neçə rekord qırıb, o cümlədən 10 kitabı ən sürətli şəkildə düzüb aşırmaq və kişi kateqoriyasında ən böyük ayaq rotasiyası rekordlarına sahib olub.
Cütlük bu rekordu şəxsi nailiyyət kimi gördüklərini bildirib. Renato isə gələcəkdə sevgilisi ilə birlikdə “bir dəqiqədə ən çox öpüş” rekordunu da qırmaq istədiyini deyib. Hazırda həmin rekord 277 öpüşlə yaponiyalı Çerri Yoşitake və Kumiko Şiratoriyə məxsusdur.
Beləliklə, braziliyalı cütlük romantik jesti rəsmi dünya rekorduna çevirərək sosial şəbəkələrdə də böyük maraq doğurub.
Videonu “telegram” kanalımızdan izləyə bilərsiniz.