Xameneinin dəfnində atışma iddiası yayılıb

Məşhəddə Əli Xameneinin dəfn mərasimi zamanı atışma baş verdiyi iddia olunur. İranın “Fars” agentliyi İmam Rza ziyarətgahı və dəfn marşrutu ətrafında təhlükəsizlik insidentini təkzib edib, lakin şəhərin başqa rayonunda iki nəfərin öldüyü atışmanı təsdiqləyib.

18

İranın keçmiş ali rəhbəri Əli Xameneinin Məşhəddə keçirilən dəfn mərasimi zamanı atışma baş verdiyi barədə sosial şəbəkələrdə görüntülər və iddialar yayılıb.

MSNews.az xəbər verir ki, bu iddialar hələlik ziddiyyətli şəkildə təqdim olunur. İsrailin “Israel National News” nəşri “Sabereen News” kanalına istinadən yazıb ki, Məşhəddə dəfn mərasimi zamanı iki “Bəsic” üzvü öldürülüb. Məlumata görə, hərbi forma geyinmiş iki silahlı şəxs onlara yaxın məsafədən atəş açaraq hadisə yerindən qaçıb. Eyni nəşr qeyd edir ki, İranın “Fars” agentliyi bu xəbəri təkzib edib.

İranın “Fars” agentliyi bildirib ki, İmam Rza ziyarətgahı ətrafında və dəfn kortejinin hərəkət marşrutu boyunca hər hansı təhlükəsizlik hadisəsi baş verməyib. Agentlik bu barədə yayılan məlumatları “anti-inqilabi dairələrin şayiəsi” adlandırıb.

Bununla belə, “Fars” Məşhəddə ayrı bir atışma hadisəsinin baş verdiyini təsdiqləyib. Məlumata görə, hadisə şəhərin qərbində yerləşən Sərafrazan məhəlləsində qeydə alınıb və iki nəfər hədəfə alınıb. Xorasan-Rəzəvi vilayəti qubernatorunun təhlükəsizlik üzrə müavini Əmirullah Şəmqədəri həmin atışmada iki nəfərin öldüyünü təsdiqləyib, lakin ölənlərin kimliyi və hadisənin səbəbi hələlik məlum deyil.

“Tabnak” da “Fars”a istinadən yazıb ki, Sərafrazan bulvarında baş verən atışma İmam Rza ziyarətgahından 15 kilometrdən çox uzaqda qeydə alınıb. Nəşr ziyarətgah ətrafında və mərasim marşrutunda təhlükəsizlik hadisəsi baş vermədiyini bildirir.

Sosial şəbəkələrdə hücum nəticəsində dörd “Bəsic” döyüşçüsünün və əlavə üç nəfərin öldüyü barədə iddialar da yayılıb. Lakin bu rəqəmlər hələlik İranın rəsmi mənbələri və beynəlxalq agentliklər tərəfindən təsdiqlənməyib. Açıq mənbələrdə təsdiqlənən əsas məlumat Məşhəddə iki nəfərin ölümü ilə nəticələnən ayrıca atışma hadisəsidir.

Hadisə Əli Xameneinin dəfn mərasimindən dərhal sonra gündəmə gəlib. “Reuters” yazır ki, Xamenei Məşhəddə İmam Rza ziyarətgahında dəfn edilib və dəfn mərasimində böyük izdiham iştirak edib.